CƏMİYYƏT
Xəzər rayonunda erkən nikahların qarşısının alınması yolları müzakirə olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması” mövzusunda Xəzər rayonunun Binə qəsəbəsindəki Mədəniyyət Evində maarifləndirici görüş keçirib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cahandar Əlizadə, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, qəsəbə sakinləri, məktəblilər və valideynlər iştirak ediblər.
C.Rəhmətullayeva Bakı kəndlərində qızlar arasında təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının mövcud olduğunu qeyd edib, bunların qarşısının alınmasında maarifləndirici tədbirlərin əhəmiyyətini və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər erkən nikah hallarının qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə danışıblar.