REGİONLAR


Xocavənd rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib

Beyləqan, 18 iyul, AZƏRTAC 

Ərazisi işğal altında olan Xocavənd rayonunun azərbaycanlı əhalisi respublikanın 37 şəhər və rayonunda məskunlaşıb. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı və 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində kompakt şəkildə yaşayırlar. 2017-ci ilin birinci yarısında xocavəndli məcburi köçkünlərin məskunlaşdığı 13 rayonda 25 səyyar qəbul keçirilib. 575 sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 40 məsələ barədə müraciətlər olunub. Qaldırılmış məsələlərin bir hissəsi müsbət həllini tapıb, digərləri ilə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılıb, rayon təşkilatlarına tapşırıqlar verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Xocavənd qəsəbəsində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, hesabat dövründə 320 ailəlik qəsəbədə məskunlaşmış sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə hər bir ailəyə 0,60 hektar torpaq sahəsi ayrılıb. Xocavənd qəsəbəsi ilə Füzuli rayonunun Qayıdış qəsəbələrini birləşdirən 2 kilometrlik yolun asfalt beton örtüyü ilə üzlənməsi başa çatdırılıb. Xocavənd qəsəbəsi ilə Yeni Qaradağlı qəsəbələrini birləşdirən avtomobil yoluna qum-çınqıl səpilib. Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə abadlıq və yaşıllaşdırma işləri davam etdirilib, 950 ədəd küknar ağacı əkilib.

Diqqətə çatdırılıb ki, rayonun təsərrüfatlarında 2340 baş iribuynuzlu mal-qara, 21 baş qoyun-keçi olub. Bu dövrdə 4700 sentner ət, 13 min 500 sentner süd, 235 sentner yun istehsal edilib. Rayon üzrə 5500 hektar buğda sahəsindən 10 min 812,6 ton, 127 hektar arpa sahəsindən 228 ton məhsul götürülüb. Bundan başqa fermerlər tərəfindən 299 ton kartof istehsal edilib.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.