REGİONLAR
Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il keçir
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra keçmiş Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədərək, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb.
Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülən 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.
İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
Xocavənd rayonunun ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir.
Rayonun ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarla digər abidələr 22 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.
Rayonun relyefi əsasən dağlıqdır. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları vardır. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı 2000 və 1000 il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.
Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Ermənistan ordusu tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımı ilə bağlı Azərbaycan, ingilis və rus dillərində “Soyqırımı: Qaradağlı”, həmin filmin davamı olan “Soyqırımı Qaradağlı davam edir...”, “Qaradağlı: mübarizə”, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı “Ruhum Qarabağlıdır” sənədli filmləri çəkilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində “Şəhidlər” abidə-xatirə kompleksi yaradılıb.
Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan rayonu ərazisində məskunlaşıblar. Onlar üçün 500 ailəlik qəsəbə salınıb. Burada rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Qəsəbədə müasir tipli ATS quraşdırılıb, Bayraq Meydanı, park, rayon polis və təhsil şöbələri üçün inzibati binalar, müasir tələblərə cavab verən idman zalı inşa edilib. Hazırda Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün 320 evdən ibarət yeni qəsəbənin inşası davam etdirilir.
Xocavəndli məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, doğma yurd həsrəti yaşayırlar və inanırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcəkdir. Bu gün Vətən həsrəti ilə yaşayan xocavəndlilər bir nəfər kimi torpaqlarımızın yadelli işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.