İDMAN
Yüngül atletika üzrə Azərbaycan çempionatı başa çatıb
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də yüngül atletika üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilmiş çempionatın sonuncu günü 88 atlet dörd hərəkətdə yarışıb.
Nika Məmmədova və Ələkbər Əzizov, habelə Gülay Xəlilova və Sərvər Yılmaz müvafiq olaraq 300 metr və 1000 metr məsafələrə qaçışda birinci yerləri tutublar. Uzunluğa tullanmada Rəşidə Hüseynova və Sahib Əliyev qalib gəlib. Qızlar arasında 4x200 metr məsafəyə estafet qaçışında ilk pilləyə Elmira Şaxmalıyeva, Radmila Quliyeva, Ləman və Əfsanə Hüseynovalar yüksəliblər. Kamran Abdullayev, Orxan Ələkbərov, Tural Məmmədov və Teymur Salahzadə isə oğlanlar arasında eyni məsafəyə estafet qaçışının qalibi olublar.
İlk üç yeri tutan idmançılar diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Xatırladaq ki, çempionat Bakı, Balakən, Neftçala və Sumqayıtdan olan 2001-2002-ci il təvəllüdlü oğlan və qızlardan ibarət 10 komandanın iştirakı ilə keçirilib.