İDMAN
"Bakı-2017"də cüdo yarışlarının üçüncü günündə komandalar gücünü sınayır
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, cüdo yarışlarının növbəti günündə kişilər və qadınlar arasında komanda yarışlarında idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxacaqlar.
On iki komandanın mübarizə aparacağı kişilərin yarışında yüksək pillələr uğrunda yığmamız ilk görüşünü Qırğızıstan millisinə qarşı keçirəcək.
Altı komandanın döşək üzərinə çıxacağı qadınların yarışında isə dörddəbir final mərhələsindən mübarizəyə qoşulacaq yığmamızın rəqibi Özbəkistan millisi olacaq.
"Bakı-2017"də komanda yarışlarında kişilərin mübarizəsində ölkəmiz 7, qadınların yarışlarında 3 idmançı ilə təmsil olunur. Kişi cüdoçuların komandasının heyətində bu yarışlarda Rüfət İsmayılov və Uşanqi Kokauri digər idmançılarımızla birgə yarışacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında milli komandamız, ümumilikdə, 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunur.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında cüdo və paracüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13, ikinci günündə 4 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 11 medala sahib olublar. Beləliklə fərdi yarışlarda cüdo üzrə millimiz komanda hesabında "Bakı-2017"ni birinciliklə başa vurub.