İQTİSADİYYAT
"Azexport" portalı "Elektron ticarət" və "İxrac prosedurları" üzrə təlimlər keçirəcək
Bakı, 17 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az" portalı "International Trade Centre" (ITC) şirkəti ilə birgə "Elektron ticarət" və "İxrac prosedurları" üzrə təlimlər təşkil edir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və ITC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən noyabrın 22-23-də keçiriləcək. ITC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi üzrə prosedurlar barədə ətraflı danışacaq, eyni zamanda, bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.
Qeyd edək ki "Azexport" portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədilə müntəzəm təlimlər təşkil edir. Təlimdə iştirak etmək istəyən şəxslər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.e-trade2018.ereforms.org