DÜNYA
ABŞ Sahil Mühafizə Xidməti Baham adalarında qasırğadan zərərçəkənlərə kömək edir
Vaşinqton, 3 sentyabr, AZƏRTAC
ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri Baham adalarında “Dorian” qasırğasından zərərçəkənlərə kömək məqsədilə oraya helikopterlər göndərildiyini bildiriblər.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, adalarda qasırğa nəticəsində 5 nəfər yerli sakin həlak olub.
Bildirilir ki, Baham adaları tarixində ən güclü qasırğa olan “Dorian” 13 min evi və su təchizatı sistemini yararsız hala salıb.
Baham adalarının Baş Naziri Hyubert Minnis mətbuat konfransında ABŞ Sahil Mühafizə Xidmətinin yardımı barədə qısa məlumat verib. Baş Nazir daha sonra bildirib ki, Baham adalarının Kral polisi azı 5 nəfərin ölməsini təsdiq edib. Minnis deyib: “ABŞ Sahil Mühafizə Xidmətinin əməkdaşları artıq hadisə yerindədirlər və xeyli adamı xilas ediblər”. O daha sonra vurğulayıb ki, xilas edilmiş insanlar Baham adalarının paytaxtı Nassauya çatdırılıb.
ABŞ Sahil Mühafizə Xidmətinin məlumatına görə, Florida ştatının Mayami, Kliuroter və Ki-Uest şəhərlərindən daha 20 ekipaj Floridada və Baham adalarında “Dorian” qasırğasından zərərçəkmiş rayonlarda əhaliyə kömək göstərməyə hazır vəziyyətdədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton