CƏMİYYƏT
Ağdamda su istifadəçiləri komitəsi yaradılacaq
Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Ağdam rayonunun Əfətli kəndində yerli icmanın məlumatlandırılması ilə bağlı görüş keçiriblər.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçılarına BMqT-nin missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib.
BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə danışıblar. Görüşdə təmir olunacaq kəhrizlərin işlək qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulanıb. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və sair) barədə də məlumat verilib.
Tədbirdə, həmçinin icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kənddə yaradılacaq su istifadəçiləri komitəsinin layihənin icrası və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah olunub.
Su istifadəçiləri komitəsinə doqquz üzv seçilib. Görüşün sonunda icma üzvlərinin sualları cavablandırılıb.
Dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədi daşıyır.