DÜNYA
Amerikalı alimlər yüksək həssaslığa malik biosensor hazırlamışlar
Bakı, 17 may (AZƏRTAC). Amerikanın Perdyu Universitetinin əməkdaşları həkimlərə kömək məqsədilə yüksək həssaslığa malik biosensor hazırlamışlar. Flexure-FET adlı yeni qurğu hər bir insanın biokimyəvi xüsusiyyətlərini nəzərə alaraq onkoloji xəstəlikləri erkən mərhələlərdə təyin etməyə imkan verəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, pitbit.ru saytının məlumatına görə, qurğu tərkibində 2 tip – mexaniki və elektrik sensorları birləşdirir. Birincisi molekulları fiziki göstəricilərinə (kütlə, ölçü və s.), ikincisi isə elektrik yükünün səviyyəsinə görə təhlil edir. Sensorlar həm xəstələrin biokimyəvi xəritəsini tərtib edir, həm də xərçəng şişlərini gözlə görünənədək aşkar edirlər.
Alimlər qeyd edirlər ki, kifayət qədər ucuz olan Flexure-FET sensoru kiçik ölçüsü ilə fərqlənir. Bu da həkimlərə sistemdən portativ köməkçi kimi istifadə etməyə imkan verəcəkdir. Qurğunun xəstəxanalara nə vaxt gətiriləcəyi hələlik məlum deyildir.