SİYASƏT
AŞPA bürosunda əsasən Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi ilə bağlı tədbirlərin təşkili müzakirə olunmuşdur
Strasburq, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu qurumun yaz sessiyasına yekun vurmuş və qarşıdakı məsələləri müzakirə etmişdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla bağlı müsahibəsində demişdir ki, büroda əsasən AŞPA-nın Daimi Komitəsinin Azərbaycanda keçiriləcək yığıncağı, bu yığıncaqda müzakirə olunacaq məsələlər, ümumiyyətlə, həm Azərbaycanda, həm də Avropa Şurasında Nazirlər Komitəsinə sədrliyin ölkəmizə keçməsi ilə bağlı müxtəlif tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılmışdır.
S.Seyidov diqqətə çatdırmışdır ki, Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi ilə bağlı işlər yüksək səviyyədə gedir. O, Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Sərsəng su anbarı haqqında hazırladığı “Azərbaycanın sərhəd rayonlarının əhalisi bilərəkdən sudan məhrum edilmişdir” adlı sənədlə bağlı məruzəçi təyin edilməsinin təsdiq olunaraq komitəyə göndərilməsini sevindirici hal kimi qiymətləndirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq