SİYASƏT
Aşqabadda keçirilən beynəlxalq konfransda Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlardan danışılmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Türkmənistanın paytaxtı Aşqabadda “Vətəndaşsızlıq və miqrasiya: Çağırışların müəyyənləşdirilməsi və irəliyə yol” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a məlumat verilmişdir.
Türkmənistan hökuməti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunmuş konfransda 32 ölkədən və 16 beynəlxalq təşkilatdan nümayəndə heyətləri iştirak etmişlər.
Türkmənistan hökumətinin üzvlərinin, Aşqabadda akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin, xarici KİV nümayəndələrinin də qatıldıqları tədbirin əsas məqsədi miqrasiya ilə bağlı problemlərin həlli üçün konstruktiv yanaşmaların müəyyənləşdirilməsi olmuşdur.
Azərbaycanı konfransda səfir Vəhdət Sultanzadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Dövlət Miqrasiya Xidmətinin əməkdaşı N. Salmanov təmsil etmişlər.
F.Hüseynov tədbirdə məruzə ilə çıxış edərək ölkəmizdə miqrasiya sahəsində aparılan islahatlar haqqında danışmışdır.
Digər çıxış edənlər konfransın təkcə Orta Asiya regionunda deyil, bütün dünyada miqrasiya ilə bağlı mövcud problemlərin səmərəli həllinə təkan olacağına əminliklərini bildirmişlər.
Konfransın sonunda bəyannamə qəbul edilmişdir.