DÜNYA
AVSTRALİYA ALİMİNİN NÖVBƏTİ UĞURU
İTAR-TASS-ın verdiyi xəbərə görə, DNT-nin analizinin köməyi ilə insanın eyniləşdirilməsi üsulunu ilk dəfə kəşf edənlərdən biri kimi şöhrət qazanmış Avstraliya alimi Yan Findley bu istiqamətdə daha bir uğur qazanmışdır. Avstraliyanın genom tədqiqatları mərkəzinin aparıcı mütəxəssisi elmi konfransda çıxış edərkən bildirmişdir ki, bu metoddan istifadə sahəsini xeyli təkmilləşdirmək və genişləndirmək mümkün olmuşdur.
Onun sözlərinə görə, indi hər hansı bir əşyanın üzərindəki yeganə hüceyrə onun “sahibi” haqqında ətraflı məlumat almaq üçün kifayətdir. Bu zaman yanılma faizi milyardda birə bərabərdir və gündə bir neçə min analiz aparmaq mümkündür. Bu da mühümdür ki, materialın saxlanma müddətinin heç bir əhəmiyyəti yoxdur, çünki vaxt amili genetik koda təsir etmir. Buna görə də hətta on illərdən sonra belə kağızın, paltarın, plastik maddənin və yaxud, məsələn, başın kəpəyinin üstündə qalan bir insan hüceyrəsinin müqayisəli analizi həmin adamın hadisə yerində olub-olmadığını səhvsiz müəyyən edəcəkdir.
Alim hesab edir ki, bu texnologiyanın tətbiqi gələcəkdə kriminalistlər qarşısında geniş üfüqlər açır, habelə keçmişdə üstü açılmamış bir çox cinayətləri aşkara çıxarmağa imkan verir.