MƏDƏNİYYƏT
Azərbaycan 10-cu “Travel Turkey İzmir” sərgisində təmsil olunur
Bakı, 9 dekabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində 10-cu “Travel Turkey” yubiley sərgisi öz işinə başlayıb. Sərgidə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndə heyəti ilə təmsil olunur. Səfər THTC və TURSAB-ın dəvəti ilə baş tutub.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, ikigünlük sərgi B2B ikitərəfli görüşlərlə öz işini davam etdirəcək.
Sərgidə Azərbaycanın sağlıq turizm imkanları geniş təqdim olunur. Bundan əlavə, “Duzdağ” Fizioterapiya Mərkəzi də ayrıca stendlə Naxçıvanın sağlıq turizmi potensialını nümayiş etdirir.
Dekabrın 11-də yekunlaşacaq 10-cu “Travel Turkey İzmir” yubiley sərgisi müddətində termal təsislərə və sağlıq mərkəzlərinə infotur təşkil edilməsi də nəzərdə tutulur. Tədbir zamanı Azərbaycanın da MAP2 HEAL onlayn sağlıq turizmi platformasına qoşulacağı gözlənilir.
Qeyd edək ki, regionun ən böyük sağlıq turizmi sərgilərindən biri hesab olunan “Travel Turkey İzmir”də 35-dən çox ölkə 1000-dən artıq şirkətlə təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sərgi çərçivəsində apardığı danışıqlar nəticəsində Türkiyənin turizm şirkətlərindən ibarət böyük bir qrupun 2017-ci ildə ölkəmizin sağlamlıq turizmi məkanlarına infoturun təşkil olunması qərara alınıb.