İQTİSADİYYAT
AZƏRBAYCAN-AVSTRİYA İQTİSADİ ƏMƏKDAŞLIĞININ BÖYÜK POTENSİALI VARAVSTRİYA İQTİSADİYYAT NAZİRLİYİNİN XÜSUSİNÜMAYƏNDƏSİ BUNU QƏTİYYƏTLƏ VURĞULAYIR
AZƏRTAC-ın müxbiri oktyabrın 17-də Azərbaycanda işgüzar səfərdə olan Avstriya rəsmi və iş adamlarından ibarət nümayəndə heyətinin rəhbəri, Avstriya İqtisadiyyat Nazirliyinin xüsusi nümayəndəsi, səfir Frans Çeşkadan qısa müsahibə almışdır. F.Çeşka demişdir: - Birgə biznes forumda Azərbaycanın iqtisadiyyatı barədə kifayət qədər ətraflı məlumat almışıq. Bakı Biznes Mərkəzində açılmış sərgi ilə tanışlıq isə ölkənizə marağımızı daha da artırmışdır. Avstriya müxtəlif avadanlıq, o cümlədən binaların sökülməsi və bərpası, radio, televiziya, teatr, kağız istehsalı avadanlığı, ötürücü qurğular istehsalı sahəsində dünyada yaxşı tanınır. Kağız sənayesi üzrə ilk yerlərdən birini tuturuq. Nümayəndə heyətimizin tərkibində qida sənayesinin təmsilçiləri, müxtəlif mineral istehsalçıları da vardır. Sadaladığım sahələr üzrə ixracın həcmi ötən il 19 milyard avro təşkil etmişdir. Buraya konsaltinq və digər maliyyələşdirmələri əlavə etsək, həmin rəqəm 35 milyarda çatır.
Azərbaycanın neft və qaz sənayesinin uğurları yaxşı məlumdur. Regionda mühüm strateji-coğrafi mövqeyi olan Azərbaycanın bu sahədə fərəhli göstəriciləri var, o, böyük mərhələlər keçib. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən Avstriya da bəhrələnəcək. Təəssüf ki, ötən ilə qədər əlaqələrimiz ürəkaçan olmayıb. Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişlənməsi üçün potensial böyükdür və biz bundan səmərəli istifadə edəcəyik.