SİYASƏT
Azərbaycan-Malayziya münasibətləri inkişaf edir
Kuala-Lumpur, 2 mart, AZƏRTAC
Malayziya ilə Azərbaycan arasında əlaqələr dostluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verir.
Bu fikirlər Malayziyanın sabiq Baş naziri Tun Abdullah Ahmad Badavinin Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyev ilə görüşündə səsləndirilib. Görüşdə dost ölkələrimiz arasında ikitərəfli münasibətlər, həmçinin sabiq Baş nazirin bu ay ölkəmizə planlaşdırılan səfəri ətrafında fikir mübadiləsi aparılıb.
Keçmiş Baş nazır Malayziyanın Azərbaycanla siyasi, iqtisadi, investisiya, turizm və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Baş nazir olduğu illərdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə çalışdığını vurğulayıb.
Ahmad Badavi Azərbaycan haqqında çox eşitdiyini bildirərək, səfər zamanı ölkəmizlə tanış olmaq fürsəti əldə edəcəyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin dünya, xüsusilə də müsəlman ölkələrinin rəhbərləri arasında böyük nüfuza malik siyasi xadim olduğunu söyləyib.
Görüşdə Ahmad Badavinin başçılıq etdiyi nümayəndə heyətinin bu ay keçiriləcək IV Qlobal Bakı Forumu və Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclasında iştirak məqsədilə Azərbaycana planlaşdırılan səfərinə də toxunulub.
Xatırladaq ki, Tun Abdullah Bin Haji Ahmad Badavi 2003-2009-cu illərdə Malayziyanın Baş naziri vəzifəsində çalışıb. O, həmçinin hakim UMNO partiyasının sədri olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur