RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ RUBEN CEFRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı bildirdi ki, ABŞ dövlət katibi müavininin səfəri Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini, regional məsələləri müzakirə etmək üçün yaxşı imkan yaradır. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini söylədi.
Ruben Cefri Azərbaycana səfərinin məqsədinin iqtisadiyyatın müxtəlif sahələrini və strukturlarını təmsil edən nümayəndələrlə görüşlər və müzakirələr aparmaqdan ibarət olduğunu vurğuladı. Azərbaycana səfərinin əhəmiyyətindən danışan qonaq ölkələrimizin iqtisadi əməkdaşlığının daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycanla ABŞ arasında iqtisadiyyat, energetika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.