RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN “SÜLH KORPUSU” TƏŞKİLATININ DİREKTORU RONALD TŞETTERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında ABŞ-ın “Sülh korpusu” təşkilatının direktoru Ronald Tşetterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ronald Tşetter Azərbaycana səfəri çərçivəsində Xaçmaz, Siyəzən və Şamaxı rayonlarında olduqlarını bildirdi. Ölkəmizdə fəaliyyətə 2003-cü ildən ingilis dilinin tədrisi ilə başladıqlarını deyən qonaq hazırda iqtisadi inkişaf, kiçik sahibkarlıq və gənclər proqramlarının həyata keçirilməsində iştirak etdiklərini dedi. R.Tşetter rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyət planları barədə Prezident İlham Əliyevə məlumat verdi.
Dövlətimizin başçısı təşkilatın fəaliyyətinin Azərbaycanda geniş əhatə dairəsinə malik olmasını yaxşı hal kimi qiymətləndirdi. Prezident İlham Əliyev “Sülh korpusu” təşkilatının bundan sonra da ölkəmizdə uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.