RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ƏJDƏRBƏY MƏSCİDİNDƏ VƏ ONUN ƏRAZİSİNDƏ APARILAN TƏMİR-TİKİNTİ, ABADLIQ İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Əjdərbəy məscidində və onun ərazisində aparılan təmir-tikinti və abadlıq işləri ilə tanış olmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına məscid barədə məlumat verdi və bildirdi ki, ərazidə işlərə bu ilin aprelindən başlanılmışdır. Təmir-bərpa işlərində müasir texnologiyalardan istifadə olunsa da, məscidin tarixi abidə olması nəzərə alınır. Ona görə də təmir-bərpa işlərindən sonra da ilkin görkəminə uyğun olacaqdır. Məscidin ətrafında daxili həyət inşa olunur. Burada qurbangah, namazgah və yardımçı otaqlar yerləşəcəkdir.
Prezident İlham Əliyev məscidin daxilində aparılan işlərlə də maraqlandı. Bildirildi ki, məscidin daxilindəki əsas çilçıraq dəyişdiriləcək, işıqlandırma sistemi müasir üslubda qurulacaqdır. Tavan və divarları Qurani-Kərimin ayələri bəzəyəcəkdir.
Prezident İlham Əliyev ətraf ərazini gəzdi, məscidin xarici görünüşünə xüsusi diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək səviyyədə davam etdirilməsinin zəruriliyini söylədi.