RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA KRALININ ORTA ASİYA VƏ AZƏRBAYCAN ÜZRƏ XÜSUSİ ELÇİSİ ABDULLAH VUREYKƏTİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Prezident sarayında İordaniya Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdullah Vureykəti qəbul etmişdir.
Abdullah Vureykət İordaniya Kralı II Abdullahın salamlarını və Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini, ən səmimi arzularını çatdırdı.
Dövlətimizin başçısı İordaniya Kralının salamlarına və təbrikinə görə təşəkkür etdi və onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Kral II Abdullah ilə dostluq münasibətlərinin Azərbaycan və İordaniya arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı.