RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “İQLİM” ELM-İSTEHSALAT MÜƏSSİSƏSİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Bakıda “İqlim” elm-istehsalat müəssisəsində olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə ulu öndərin büstü önünə gül qoydu, “Heydər Əliyev muzeyi”nə baxdı. Muzeydə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin ən müxtəlif dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər nümayiş etdirilir. Onların arasında ümummilli liderin xüsusi əhəmiyyət verdiyi ordu quruculuğu ilə bağlı fotolar da diqqəti cəlb edir.
Burada Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolar da toplanmışdır.
Muzeylə tanışlıqdan sonra dövlətimizin başçısı müəssisəni gəzdi. Prezidentə məlumat verildi ki, müəssisə ən yüksək standartlar səviyyəsində yenidən qurulmuş, bütün istehsal sahələri müasirləşdirilmişdir.
Azərbaycan Prezidenti müəssisənin əvvəlki və indiki vəziyyətini əks etdirən slaydlara baxdı, ayrı-ayrı istehsal sahələri ilə tanış oldu.