RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVA SEYMİNİN XARİCİ MƏSƏLƏLƏR DAİMİ KOMİTƏSİNİN SƏDRİ YUSTİNAS KAROSASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Prezident sarayında Litva Seyminin Xarici məsələlər daimi komitəsinin sədri Yustinas Karosasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan-Litva münasibətlərinin çox uğurla inkişaf etdiyini bildirdi. Litvaya sonuncu səfərlərinin müvəffəqiyyətlə keçdiyini məmnunluqla xatırladan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, Litva Seyminin nümayəndələrinin bu səfəri ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da inkişafına xidmət edəcəkdir.
Qarşılıqlı səfərləri əlaqələrimizin intensivləşməsinin göstəricisi kimi qiymətləndirən Yustinas Karosas Bakıya səfəri zamanı ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılacağını bildirdi. Qonaq ölkəsinin Azərbaycanın Avropaya inteqrasiyasına və yeni qonşuluq siyasəti çərçivəsində Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini vurğuladı.
Sonda Litva Seyminin Xarici məsələlər daimi komitəsinin sədri Yustinas Karosas Litva Prezidenti Valdas Adamkusun məktubunu Prezident İlham Əliyevə təqdim etdi.