RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAASKİVİ CƏMİYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Helsinkidə Paaskivi Cəmiyyətinin üzvləri ilə görüşü olmuşdur.
Cəmiyyətin sədri professor Mikko Viitasalo dövlətimizin başçısını salamladı, 1958-ci ildə yaradılmış bu qurumun Finlandiyanın xarici siyasəti ilə bağlı müzakirələr apardığını və vətəndaş forumunu təşkil etdiyini bildirdi. O dedi ki, Azərbaycan Prezidenti ilə görüşdə siyasi xadimlər, politoloqlar, diplomatlar iştirak edirlər. Prezident İlham Əliyevə onların dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirən Mikko Viitasalo bu görüşün faydalı və səmərəli keçəcəyinə əminliyini söylədi. Cəmiyyətin sədri dedi ki, biz Qafqazda vəziyyəti izləyirik və bilirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dinamik inkişaf edir və beynəlxaq layihələr həyata keçirir.
Görüşdə çıxış edən Prezident İlham Əliyev Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Azərbaycanın çətin dövr yaşadığını xatırlatdı, sonrakı illərdə müstəqilliyin qorunub saxlanması, bazar iqtisadiyyatının qurulması sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, iri beynəlxalq şirkətlərin Azərbaycanın neft sektoruna sərmayə qoymağa cəlb edilməsi digər sahələrə də vəsait qoymağa yol açdı. Ölkəmizdə müxtəlif sahələrə dair geniş proqramlarımız var və bunların maliyyə təminatı üçün heç bir problem yoxdur. Dövlətimizin başçısı neft gəlirlərinin toplanması və xərclənməsində tam şəffaflığa nail olunduğunu bildirdi, Azərbaycan Dövlət Neft Fondunun şəffaflığa görə ötən il BMT tərəfindən mükafatlandırıldığını vurğuladı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışdı və görüş iştirakçılarının suallarına ətraflı cavab verdi.
Azərbaycan Prezidenti İlham Əliyevə Paaskivi Cəmiyyətinin fəxri qonaqlar üçün nəzərdə tutulmuş xüsusi medalı təqdim olundu.