RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SABİR BAĞINDA VƏ NİZAMİ MEYDANINDA GÖRÜLMÜŞ ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Bakının mərkəzindəki Sabir bağında və Nizami meydanında görülmüş əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Sabir bağına gəldi. Paytaxtın bu istirahət guşəsində görülmüş işlər buranın görkəmini tamamilə dəyişmişdir. Bağda yeni yaşıllıq zonası salınmışdır, müasir işıqlandırma sistemi quraşdırılmış, üzlük daşlar, mərmər döşənmişdir. Yaşıllıq zonasında Novruzun rəmzi olan səmənilərin əkilməsi isə xoş bayram ovqatı yaradır.
Prezident İlham Əliyev bağı seyr edərək dedi ki, burada işlər ən yüksək səviyyədə və zövqlə görülmüşdür. Həm bu bağ, həm də ətrafdakı binalar şəhərimizi daha da gözəlləşdirir. Beləliklə Bakının tarixi yerləri sanki yenidən canlanır. Bu bağ, bəlkə də, yaranandan bu qədər gözəl olmamışdır. Mən buraya gəlmişdim, bağ həm gündüz, həm də axşam çox gözəldir. Bakı sakinlərinin istirahəti üçün gözəl yer yaradılıbdır.
Sonra dövlətimizin başçısı Nizami meydanına gəldi, görülmüş işlərin nəticəsi ilə maraqlandı. Burada da qısa müddətdə bərpa və yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı, işıqlandırma sistemi tamamilə yeniləşdirilmişdir.
Prezident İlham Əliyev mərtəbəli fəvvarələr kompleksinə baxdı, görülmüş işlərdən razılığını bildirdi. Nizami adına Ədəbiyyat Muzeyi ilə gözəl vəhdət təşkil edən meydanda istirahət üçün lazımi şərait yaradılmışdır.
Daha sonra dövlətimizin başçısı “Azərbaycan” kinoteatrının qarşısına, Natəvanın abidəsinin ucaldığı əraziyə gələrək, burada gedən təmir-bərpa işləri ilə maraqlandı. Prezident İlham Əliyev ətraf binaların da müasir görkəm alması üçün müvafiq tapşırıqlarını verdi.
######