RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLİ BAYRAMLI ŞƏHƏRİNƏ SƏFƏRİ
MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Əli Bayramlı şəhərində olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Əli Bayramlı Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılışı mərasimində iştirak etmişdir.
Mərkəzin qarşısına toplaşan minlərlə sakin Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verdilər ki, təməli 2006-cı ilin martında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş üçmərtəbəli mərkəzdə Yaponiya, Almaniya, Türkiyə və Rusiya istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır.
ARDNŞ-in vəsaiti hesabına təxminən ilyarıma tikilən mərkəzin stasionar şöbəsi 20, reanimasiya şöbəsi isə 6 çarpayılıqdır.
Yeni müalicə ocağında poliklinika, qəbul və şüa diaqnostikası, rentgen, cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri, dializ, intensiv terapiya bölmələri, eləcə də əməliyyat və sterilizasiya bloku yerləşir.
Prezident İlham Əliyev ayrı-ayrı mərtəbələrdə yerləşən şöbələrlə tanış oldu, eləcə də həkim, kompyuter tomoqrafiyası, əməliyyat otaqlarına baxdı, tibbi avadanlığın iş prinsipləri ilə maraqlandı. Bildirildi ki, burada ən müasir avadanlıq vasitəsilə müxtəlif xəstəliklərin müalicəsi və müayinəsi üçün hər bir şərait yaradılmışdır. Mərkəzdə 250 nəfər işçi çalışır.
Sonra mərkəzin açılışına həsr edilmiş mərasim oldu.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra şəhər sakini Elmira Əliyevaya söz verildi.