RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOSKVAYA İŞGÜZAR SƏFƏRİ
AZƏRBAYCAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Moskva vilayətindəki “Mayendorf” qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olmuşdur.
Rusiya Prezidenti DMİTRİ MEDVEDEV Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:
-Hörmətli İlham Heydər oğlu! Sizi Moskvada salamlamağa şadam. Bu, bir daha görüşmək, münasibətlərimizin inkişafında işlərin indiki vəziyyətini müzakirə etmək üçün yaxşı imkandır. Rusiya-Azərbaycan münasibətləri çox dinamik inkişaf edir, biz bu tərəfdaşlıqdan razıyıq. Mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə nəzərdə tutduğumuz məsələlərin, demək olar ki, hamısı yerinə yetirilir. Ümid edirəm ki, Sizinlə razılaşdığımız kimi, bu ilin sonuna qədər əmtəə dövriyyəsinin həcmini 2 milyard dollara çatdıra biləcəyik. Hərçənd, indi dünyada iqtisadiyyat sahəsində vəziyyət o qədər də sadə deyildir. Sevindirici cəhət odur ki, bizim münasibətlərimiz konyunktur xarakter daşımır.
Humanitar sahədə Sizinlə razılaşdığımız yaxşı nümunələr çoxdur. Yadımdadır ki, lap yaxın vaxtlarda Bakıda Moskva Dövlət Universitetinin filialı açılacaqdır. Bu da çox yaxşı hadisədir.
Təbii ki, Gürcüstanın təcavüzündən sonra Qafqaz regionunda yaranmış problemlərlə əlaqədar, bəzi məqamları dəqiqləşdirməliyik. Bu hadisələrdən sonra Sizinlə görüşməmişik, beynəlxalq vəziyyətin inkişafını müzakirə etməmişik. Zənnimcə, münasibətlərimizin və bütövlükdə Qafqazda vəziyyətin sabit və müsbət istiqamətdə inkişafında ölkələrimizin maraqlı olması nəzərə alınmaqla, bu məsələləri müzakirə etmək çox faydalı olacaqdır. Sizi görməyimə şadam.
Prezident İLHAM ƏLİYEV Rusiya dövlətinin başçısına təşəkkür edərək demişdir:
-Sağ olun, Dmitri Anatolyeviç. Məni Moskvaya səfərə dəvət etdiyiniz üçün sağ olun. Sizin qeyd etdiyiniz kimi, bizim görüşlərimiz intensiv xarakter daşıyır. Biz Sizinlə bu yaxınlarda, Azərbaycana rəsmi səfəriniz çərçivəsində görüşmüşdük. Azərbaycanda hamı xüsusi qeyd edir ki, bu, Sizin Rusiya Prezidenti vəzifəsində ilk rəsmi səfərlərinizdən biri idi. Bu faktın özü də dövlətlərimiz arasında münasibətlərin xarakterini və ruhunu göstərir.
Biz münasibətlərimizin inkişafından çox razıyıq. Bu münasibətlər çox geniş spektrli olub, həm fəal siyasi qarşılıqlı əlaqələri, həm də iqtisadi əlaqələri əhatə edir. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi çox sürətlə artır və çox sevindirici haldır ki, onun strukturu da yaxşılaşır. Biz humanitar sahədə nəzərdə tutduğumuz tədbirləri həyata keçiririk. Deməliyəm ki, Moskva Dövlət Universitetinin Bakı filialı artıq açılmışdır. Bu ilin əvvəlində mən bu barədə sərəncam vermişdim və artıq filiala tələbə qəbulu aparılmışdır. Yəni MDU-nun Bakıdakı filialı 2008-ci ildən mövcuddur. Bu onu göstərir ki, biz nəzərdə tutduğumuz məsələləri operativ şəkildə həll edirik və Sizin Bakıya səfəriniz çərçivəsində nəzərdə tutulan, Dostluq və strateji tərəfdaşlıq haqqında Birgə bəyannamədə öz əksini tapmış bütün məsələlər həyata keçirilir.
İnanıram ki, münasibətlərimizin səmərəli inkişafı davam edəcək, bu münasibətlər yeni məzmun və yeni formalar kəsb edəcəkdir. Bizim regionda sülhün, sabitliyin bərqərar olması üçün, gələcəyin proqnozlaşdırıla bilməsi üçün qüvvələrin birləşdirilməsi çox vacibdir. Bizim münasibətləri fərqləndirən cəhət onların məhz proqnozlaşdırıla bilən xarakterli olmasıdır. Bu münasibətlər dostluq, mehriban qonşuluq xarakteri daşıyır və biz onların inkişafından çox razıyıq. Bizim belə tez-tez görüşməyimiz də, ümumiyyətlə, əlaqələrimizin mahiyyətini əks etdirir.
Dəvət üçün bir daha sağ olun, ümid edirəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir.
######