Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli Viktor Antonoviç!

Hörmətli Elmi Şura üzvləri!

Əziz dostlar!

Əvvələn, Viktor Antonoviç, sizə və mənə MDU-nun - dünya şöhrətli, mövcud olduğu bütün illər ərzində təhsilin yüksək markasını qoruyub saxlamış ali məktəbin fəxri professoru kimi yüksək ad verilməsi barədə qərar qəbul etmiş Elmi Şuranın üzvlərinə ürəkdən təşəkkür etmək istərdim.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən humanitar sahədə münasibətlərin inkişafına verdiyim töhfəyə görə bu adı almağım mənə ikiqat xoşdur. Hazırda bizim münasibətlərimiz, həqiqətən, çox dinamik və səmərəli inkişaf edir. Bu münasibətlər mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. Əgər bu münasibətlərin tarixinə nəzər salsaq görərik ki, 2000-ci illərdən başlayaraq, yeni mərhələyə qədəm qoymuşdur.

Bu mərhələni həm Rusiya Prezidenti, həm də mən strateji tərəfdaşlıq mərhələsi kimi səciyyələndiririk. Bu isə mahiyyət etibarilə həm ölkələrimiz arasında münasibətlərin ruhunu və xarakterini, həm də həmin münasibətlərin gələcək inkişafını necə təsəvvür etdiyimizi əks etdirir. Bizim münasibətlərimiz çoxtərəfli, çoxcəhətlidir. Onlar ölkələrimizdə siyasi və iqtisadi islahatları fəal surətdə həyata keçirməyimizə imkan verir. Artıq indi bir çox cəhətdən Qafqaz və Xəzər regionunda vəziyyətə təsir edir. Bu münasibətlər gələcəkdə nə qədər möhkəm olsa, bizim regionda təhlükəsizlik tədbirləri sistemi də bir o qədər möhkəm olacaqdır.

Biz mürəkkəb bir dövrdə və təhdidlərin, risklərin mövcud olduğu mürəkkəb bir regionda yaşayırıq. Ona görə də ölkələrimizi bir-birinə bağlayan məsələlərin bütün spektri üzrə Rusiya ilə Azərbaycanın fəal əməkdaşlığı sülhün, təhlükəsizliyin və sabit inkişafın təminatıdır. Ölkələrimiz çox dinamik inkişaf edir. İqtisadi artım sürətinə görə yaxşı göstəricilərimiz var. Beləliklə, mən şübhə etmirəm ki, həm ölkələrimizin daha da artan nüfuzu, həm müstəqil siyasət yeritmək imkanı, həm də iqtisadi azadlıq təbii ki, gələcəkdə regionda hadisələrin inkişafını əvvəlcədən müəyyənləşdirəcək və artıq dediyim kimi, yalnız müsbət mənada kömək edəcəkdir.

Fəxri professor diplomunda qeyd edilmiş humanitar sahədə əməkdaşlıq da çox vacibdir. Azərbaycanda biz hələ bir ölkədə yaşadığımız dövrdə mövcud olmuş bütün mehriban münasibətləri, əlaqələri, ünsiyyətləri qoruyub saxlamışıq. Hazırda Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq müxtəlif parametrlərlə və müxtəlif formalarla müəyyən edilir. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda rus dilində təhsil verən 350-dən artıq məktəb vardır. Azərbaycanın dövlət universitetlərinin üçündə rus dili və ədəbiyyatı fakültələri vardır. Rus dili və ədəbiyyatı məsələləri ilə, həmçinin bütün slavyan ölkələrinin mədəniyyətinin öyrənilməsi ilə məşğul olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Azərbaycanın məktəblərində yüz mindən çox insan rus dilində təhsil alır. Milliyyətindən asılı olmayaraq, bizim ölkədə bütün insanların, bütün vətəndaşların dövlət dilində danışması, yüksək keyfiyyətli təhsil alması üçün də hər cür imkan mövcuddur.

Biz bunu çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bu, bizim uğurlu inkişafımızın ən mühüm elementlərindən biridir. Ölkənin inkişaf səviyyəsini təkcə iqtisadi göstəricilərlə və ya təbii ehtiyatların olması ilə ölçmək mümkün deyildir.

Ölkənin inkişafı həm intellektual potensial, həm tolerantlığın səviyyəsi, həm də ölkədə millətlərarası, dinlərarası həmrəyliyin səviyyəsi deməkdir. Bu, ölkənin əsas millətinə mənsub olmayan insanların özlərini nə dərəcədə rahat hiss etməsi deməkdir. İctimai-siyasi formasiyadan asılı olmayaraq, Azərbaycan üçün həmişə səciyyəvi olmuş, hamıya məlum olan müsbət beynəlmiləlçilik ənənələri bütün bu istiqamətlərdə, indi də qorunub saxlanmışdır və daha da artırılır. Beləliklə, bu, Azərbaycanın bütün vətəndaşlarına bizim ölkədə özlərini öz evində olduğu kimi, bir ailə kimi hiss etməyə imkan verir və bu da Rusiya ilə bizim ikitərəfli əməkdaşlığımızın mühüm elementidir.

Bəlkə də kiməsə qəribə görünəcək, amma hazırda Azərbaycanda rus dilində nəşr edilən qəzetlərin sayı sovet dövründə olduğundan bir neçə dəfə çoxdur. Bu onu göstərir ki, həmin qəzetlərə tələbat var, Azərbaycanda rus dili yaşayır və yaşayacaqdır. Heç şübhəsiz, Azərbaycanda MDU-nun filialının açılması, burada tamamilə haqlı olaraq deyildiyi kimi, həm siyasi xarakterli addımdır, həm də ikitərəfli münasibətlərin möhkəmlənməsinə yönəlmiş addımdır. Bu, həm də bizim nəzərdə tutduğumuz bütün işlər üçün lazımi kadrları daha fəal surətdə və səmərəli şəkildə hazırlaya bilməyimiz üçün ölkəmizdə dünyanın aparıcı ali məktəblərindən birinin filialının yaradılmasına yönəlmiş addımdır.

Burada həm mənim haqqımda, həm də ölkəmiz haqqında çoxlu xoş sözlər deyildi, buna görə mən çox minnətdaram. Bu gün Viktor Antonoviç Heydər Əlirza oğlu Əliyevlə görüşlərini də xatırladı. Burada deyildi ki, onun təşəbbüsü ilə Azərbaycandan hər il minlərlə gənc müsabiqədənkənar şərtlərlə, - yəni onlar qəbul imtahanlarını Bakıda verirdilər, - SSRİ-nin, o cümlədən Moskvanın aparıcı ali məktəblərinə göndərilirdi. İndi biz müstəqil dövlət olaraq, həmin qərarın nə qədər müdrik olmasını və bizim potensialımızı nə qədər zənginləşdirdiyini hər gün görürük. Moskva ali məktəblərinin məzunları indi Azərbaycanda həm biznesdə, həm dövlət strukturlarında, həm də idarəetmə orqanlarında kifayət qədər möhkəm mövqe tuturlar. Təvazökarlıqdan bir qədər uzaq səslənsə də, deməliyəm ki, ən ali dövlət vəzifəsində də Moskva ali məktəbinin məzunu işləyir.

İndi biz bütün bunları artıq yeni şərait nəzərə alınmaqla bərpa etmək istəyirik və bərpa edirik. Prezidentin təsdiq etdiyi proqram bizim tələbələrin dünyanın aparıcı ölkələrində təhsil almasına yönəlmişdir və ilk növbədə, həm də Rusiyanın aparıcı ali məktəblərini əhatə edir. Biz gələcəkdə səmərəli əməkdaşlığa ümid edirik. Ümid edirik ki, gənclərimiz bundan sonra da MDU-ya daxil olacaq, burada oxuyacaq və ən yaxın vaxtlarda birlikdə istifadəyə verməyi planlaşdırdığımız filial da ölkəmizdə güclü intellektual baza olacaqdır.

Hər bir ölkənin, hər bir millətin gələcəyini iqtisadiyyat deyil, təbii ehtiyatlar və hər hansı başqa sahələr deyil, təhsil müəyyən edir. Müxtəlif dövrlərdə dövlətlərin inkişafına nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarını müəyyən edən təhsil, bilik, intellekt olmuşdur. Bu gün Rusiyada təhsilə yetirilən diqqət də sizin ölkənizin bir neçə onillikdən sonrakı uğurlarının rəhnidir. Bəli, hamının çətinlikləri olmuşdur, SSRİ dağılandan sonra biz hamımız mürəkkəb dövr yaşamışıq. İqtisadi kollaps, xüsusilə Azərbaycanda, kifayət qədər ağır və ağrılı hiss olunmuşdur. Lakin indi, əsas iqtisadi və sosial çətinliklərin artıq geridə qaldığı və maliyyə imkanları yarandığı bir şəraitdə biz Azərbaycanda məhz təhsilə çox böyük sərmayələr qoyuruq.

Deməliyəm ki, son 3-4 ildə Azərbaycanda 1200 ümumtəhsil məktəbi tikilmişdir. Yəqin ki, Rusiya miqyasında bu, böyük göstərici deyil, lakin bizdə cəmi dörd min beş yüz məktəb olduğunu nəzərə alsaq, bu, ümumiyyətlə, mühüm göstəricidir. Özü də onların hamısı kompyuterləşdirilmişdir, indi hamısı internetə birləşdirilir və şagirdlər lap uşaqlıq dövründən gələcəyə yönəldilir.

Bizim büdcədə təhsil xərcləri ikinci yeri tutur. Ona görə ikinci yeri tutur ki, təəssüflər olsun, biz hələ də müharibə vəziyyətindəyik və müdafiə xərcləri üstünlük təşkil edir. Lakin dövlət büdcəsinin 12 milyard dollara bərabər olan xərclərinin 1 milyard dolları təhsilə sərf edilir. Biz gələcəkdə də bu həcmi artıracağıq, çünki bu, gələcəyə qoyulan sərmayədir, xalqımızın uzunmüddətli gələcəyinə sərmayədir.

Rusiya və Azərbaycan enerji ehtiyatları ilə zəngin ölkələrdir və əlbəttə, əhalinin maddi rifahına, iqtisadiyyatın tərəqqisinə və ölkələrimizin siyasi imkanlarına təsir müəyyən dərəcədə bu amillə şərtlənmişdir. Lakin bütün bunlar müvəqqətidir. Təbii ehtiyatlar gec-tez tükənəcək və biz hətta yüz ildən sonra da olsa, bunun baş verəcəyi vaxta hazır olmalıyıq. Biz gələcəyə baxmalıyıq, ölkəmizin 20-30 ildən sonra, 50 ildən sonra necə olacağı barədə indidən düşünməliyik. Bundan ötrü ən başlıcası, intellektual səviyyə və təhsilin səviyyəsidir. İnanın, indi mən bu sözləri bu cür yüksək mükafat aldığıma görə və MDU-nun tribunasından çıxış etdiyimə görə demirəm. Mən bunu həmişə deyirəm. Bunu Bakıda da deyirəm, ölkəmizin kəndlərində və qəsəbələrində də, Nazirlər Kabinetinin iclaslarında da deyirəm. Çünki əminəm ki, bu, ölkəmizin inkişafının əsasıdır.

Bu gün bu mükafatı almaq mənə çox xoşdur. Mən 15 il Moskvada olmuşam, ailəmlə birlikdə, ondan əvvəl isə tələbə ikən burada yaşamışam. O dövr yaxşı illər idi, gənclik illəri idi. Mənim burada dostlarım çoxdur, sevdiyim və hörmət etdiyim insanlar çoxdur və hər dəfə Moskvada olmaq məndən ötrü xüsusi bir hadisədir. Azərbaycanın Prezidenti kimi mən ildə bir neçə dəfə Rusiyada, Moskvada oluram və bu səfərlər, görüşlər, əlaqələr sayəsində bizim münasibətlərimiz daha da möhkəmlənir.

Bu gün, ölkələrimiz iqtisadi asılılıq və siyasi asılılıq dövrünü müəyyən dərəcədə aradan qaldırdıqdan sonra, biz, necə deyərlər, ayağa qalxandan sonra gələcəyə daha böyük nikbinliklə baxırıq. Burada bizim həmyerlimiz, bakılı öz çıxışında Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan da danışdı. Bu, doğrudan da belədir. Son üç ildə biz iqtisadiyyatın inkişaf sürətinə görə dünyada birinci yeri tuturuq, bu göstərici ildə 20-30 faiz təşkil edir. Dörd ildə - 2004-2007-ci illərdə Azərbaycanda ümumi daxili məhsulun həcmi 96 faiz, demək olar, iki dəfə artmışdır. Çox güman ki, bu il də artım göstəricisi təxminən eyni səviyyədə olacaqdır. Sənaye istehsalının həcmi də iki dəfəyə qədər artmışdır. Azərbaycanda 650 min iş yeri yaradılmışdır. Əhalisinin sayı səkkiz milyon yarım olan ölkə üçün bu, mühüm göstəricidir.

Dörd ildə biz yoxsulluğa qarşı mübarizə proqramını uğurla həyata keçiririk. Yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ilin əvvəlində 16 faizə düşmüşdür. Əminəm ki, lap yaxın illərdə biz bu biabırçı vəziyyətə, bütün iqtisadiyyatın kollaps vəziyyətində, ölkənin hərtərəfli – həm siyasi, həm iqtisadi, həm də sosial böhran içində olduğu, istehsalın tənəzzül etdiyi və açığını deyək ki, bütövlükdə ölkəmizin müstəqil dövlət kimi gələcəyi sual altında olduğu 90-cı illərin bu ağır mirasına son qoyacağıq.

1990-cı illərin əvvəli və müstəqillik əldə edildiyi vaxt Azərbaycan üçün son dərəcə ağrılı dövr idi. Biz 1991-ci ildə müstəqillik əldə etdik və 1993-cü ildə onu az qala itirəcəkdik. Ölkədə vətəndaş müharibəsi və Ermənistan tərəfindən təcavüz başlanmışdı və bütün bu amillər, əslində, Azərbaycanın müstəqil dövlət kimi inkişaf edib-etməyəcəyi məsələsini sual altında qoymuşdu.

Ulu öndərimiz Heydər Əliyevin böyüklüyü məhz ondadır ki, 1993-cü ildə hakimiyyətə gəlməklə o, ölkəni bu bəladan xilas etdi, onu inkişaf və sabitlik yoluna çıxardı. Artıq qeyd etdiyim kimi, indi Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderdir.

Əlbəttə, hələ problemlər çoxdur, insanların həyatını yaxşılaşdırmaq üçün hələ çox iş görmək lazımdır. İndiyə qədər əldə etdiyimiz nailiyyətlər bizi qane edə bilməz. Hətta iqtisadiyyatın sürətlə inkişaf etməsinə və insanların maddi rifahının yaxşılaşmasına baxmayaraq, sosial problemlər kifayət qədər çoxdur. Keçmiş SSRİ-nin bütün başqa ölkələrində olduğu kimi. Lakin əsas odur ki, həmin məsələlərin həll edilməsi siyasəti var, hansı istiqamətdə hərəkət etdiyimizi və necə inkişaf etməli olduğumuzu nəinki qarşıdakı bir il üçün, hətta onilliklər üçün də əvvəlcədən təsəvvür edirik. Güclü intellektual potensial yaradılır. İndi burada oxuyan gənclər isə, hətta qalıb Moskvada işləsələr belə, yenə də bizim elçilərimiz olacaqlar.

Mən prezident proqramımı həyata keçirməyə başlayanda, - deyəsən, bu o qədər də düzgün olmadı, daha doğrusu, Heydər Əliyevin 70-ci illərdə həyata keçirdiyi proqramı indi, yeni şəraitdə bərpa edərək, gəncləri xaricdə təhsil almağa göndərəndə müxtəlif təkliflər daxil olmağa başladı: dövlət onlar üçün pul ödəyəcək, onlar isə Avropaya, Rusiyaya gedəcək və sonra qayıtmayacaqlar, buna görə də gəlin onlardan nəinki iltizam, lap girov alaq. Qoy onlar sonradan qayıtmaq üçün nəyisə girov qoysunlar. Amma, açığını deyim ki, məsələyə bu cür yanaşma məni şoka saldı. Biz gənclərə şərait yaratmaq istəyirik ki, onlar yaxşı təhsil alsınlar. Əgər bugünkü gənc təhsil alandan sonra hesab edərsə ki, təhsil aldığı yerdə qalıb yaşaması və işləməsi daha yaxşı olar, deməli belə də olmalıdır, onu zorla geriyə çəkmək, onun həyatını qırmaq və planlarını pozmaq yalnız mənfi nəticələrə gətirib çıxarar.

Biz Azərbaycanda elə şərait yaratmalıyıq ki, gənc özü Vətəninə qayıtmaq istəsin. Vətəndə həyat şəraiti, əmək haqqı, xidmətlərin, infrastrukturun, rahatlığın səviyyəsi xaricdəki kimi olsa, əlbəttə qayıdacaqlar, çünki bizim gənclərin hamısı kifayət qədər vətənpərvərdir. Ona görə də hətta kimsə dərhal qayıtmasa belə, hər halda, nə vaxtsa qayıdacaq, harada yaşamasından asılı olmayaraq, hər halda, öz xalqına, öz ölkəsinə xidmət edəcəkdir. Ola bilsin ki, bu, Azərbaycanı məhz başqa ölkələrdə, o cümlədən Rusiyada yaşayan nümayəndələrimiz hesabına heç də az möhkəmlətməyəcəkdir. Bu, Azərbaycanı möhkəmlədəcək və ona kömək edəcəkdir. Biz xaricdə yaşayan azərbaycanlılara necə kömək ediriksə, onlar da öz fəaliyyətləri ilə bizə o cür kömək edəcəklər. Rusiyada da artıq bir neçə ildir ki, Ümumrusiya Azərbaycan Konqresi mövcuddur, tələbə klubları var və yəqin ki, gələcəkdə Ümumrusiya Azərbaycan Konqresinin gənclik təşkilatları da inkişaf edəcəkdir.

Beləliklə, bütün bunlar yalnız müsbət işlərə, yalnız xeyirxahlığa xidmət edəcəkdir. Bu, praktiki təhsil sahəsində də belədir, əlaqələr baxımından da. Xalqlarımız arasında əlaqələr qorunub saxlanacaqdır. Axı, sirr deyil ki, 16 il ərzində çox şeyi qoruyub saxlaya bilsək də, bəzi şeyləri itirmişik. Yeni nəsil, indi 15-20 yaşı olan gənclər bir ölkədə yaşamayıblar. Deməli, onların MDB-nin başqa ölkələrindəki yaşıdları ilə qarşılıqlı münasibətlərinin səviyyəsi, istər-istəməz, bizim dövrdəki kimi ola bilməz. Bundan ötrü məhz əlaqələr, birgə təhsil, birgə layihələr, konfranslar, seminarlar olmalıdır. Mən fürsətdən istifadə edib dostlarımızı – həmyerlilərimizi də, başqalarını da Bakıya tez-tez gəlməyə dəvət etmək istəyirəm. Mən bu gün Viktor Antonoviçi də dəvət etmişəm və bu dəvətimi bir daha təsdiqləyirəm. Bu cür əlaqələr nə qədər tez-tez olsa, biz nə qədər çox görüşsək, işlərimiz bir o qədər yaxşı gedəcək, münasibətlərimiz bir o qədər möhkəmlənəcək və hər şey qat-qat səmərəli olacaqdır. Ona görə ki, ölkələr arasında münasibətləri formalaşdıran təkcə prezidentlər deyil, hərçənd, ən böyük məsuliyyət onların üzərinə düşür. Bu münasibətlər həm də vətəndaş cəmiyyəti tərəfindən, professorlar, ziyalılar, cəmiyyətin elitası tərəfindən formalaşır.

Professorlar, müəllimlər hər bir cəmiyyətin elitasıdır, bu insanlar ölkənin inkişafını, onun gələcəyini müəyyən edirlər.

Ona görə də bir daha demək istəyirəm, bu gün burada olmaq mənə çox xoşdur, bu fəxri diplomu almaq çox böyük şərəfdir. Sizi əmin etmək istəyirəm ki, bu şərəfə layiq görülməyimə əsas verən amillər mənim fəaliyyətimdə həmişə olacaqdır və mən Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi üçün, ölkələrimiz arasında humanitar əməkdaşlığın davam etməsi üçün bundan sonra da səy göstərəcəyəm.

Mənə ünvanlanmış xoş sözlərinizə görə sizə bir daha təşəkkür edirəm və sizin hamınıza ən xoş arzularımı bildirir, firavanlıq və səadət diləyirəm.

(Prezident İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və gurultulu alqışlarla qarşılandı).

X X X
VİKTOR SADOVNİÇİ: Hörmətli İlham Heydər oğlu, Sizə artıq hörmətli professor deyə müraciət etmək olar, Sizin çıxışınızı, əlbəttə, hamı maraqla dinlədi. Moskva Universitetində bu parlaq, ibrətamiz çıxışınıza görə sağ olun. Mən bilirəm ki, gənclər Sizə suallar vermək istəyirlər, bu, belə də olmalıdır, lakin bizdə protokol qaydası var. Hörmətli İlham Heydər oğlu, əgər etiraz etməsəniz, Sizə bir neçə sual verərdilər.

İLHAM ƏLİYEV: Xeyr, xeyr, buyursunlar.

SUAL: Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizcə, qloballaşma prosesi və ona xas olan təhdidlər dünyada sabitlik və təhlükəsizlik üçün qorxuludurmu? Azərbaycan bu təhdidlərin aradan qaldırılmasında və həllində hansı strategiyanı əsas götürür?

İLHAM ƏLİYEV: Son vaxtlar bu barədə çox danışılır və mühakimələr çox ziddiyyətlidir. Hər şey bizim qloballaşma anlayışına verdiyimiz mənadan asılıdır. Əgər biz qloballaşma dedikdə daha səmərəli əməkdaşlığı, qarşılıqlı fəaliyyəti, əlaqələri, mədəniyyətlərin bir-birinə təsirini, elm, təhsil, mədəniyyət vasitəsilə qarşılıqlı zənginləşməni nəzərdə tuturuqsa, bütün bunlar müsbət nəticələrə gətirib çıxaracaqdır.

Lakin əgər, bəzən olduğu kimi, qloballaşma dedikdə hansısa müdaxilə, təzyiq, o qədər də məqbul olmayan dəyərlərin və məhdudiyyətlərin zorla qəbul etdirilməsi nəzərdə tutulursa, onda, əlbəttə, bunun heç bir yaxşı nəticəsi olmayacaqdır. Biz də bu problemə belə yanaşırıq. Əməkdaşlığa, mehriban qonşuluğa, kooperasiyaya və risklərin minimuma endirilməsinə kömək edən hər şeyi biz dəstəkləyirik və üstəlik, çox vaxt iri regional layihələrin təşəbbüsçüsü kimi çıxış edirik.

Lakin biz hiss etməyə başlayanda ki, qloballaşma adı ilə müəyyən ənənələrə, həyat tərzinə və dövlətinizin siyasi xəttinə görə Azərbaycan cəmiyyətinin qəbul edə bilməyəcəyi nəyisə bizə zorla qəbul etdirməyə çalışırlar, onda, əlbəttə, biz bunu qəbul edə bilmərik. Onu da deməliyəm ki, Azərbaycan öz ərazisinə və əhalisinə görə böyük ölkələr sırasına aid olmasa da biz xalqımızın mənafelərinə, tərəfdaşlarımız və qonşularımızla əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət xəttini təmin edə bilmişik.

SUAL: Cənab Prezident, MDU-nun Tələbələr İttifaqının həm Moskvadakı, həm də Azərbaycan Respublikasının özündəki azərbaycanlı tələbələrlə yaxşı dostluq münasibətləri yaranmışdır. Biz çox ümid edirik ki, MDU-nun Bakıdakı filialının tələbələri də bizim təşkilata qoşulacaqlar. Biz buna çox şad olarıq. Hazırda biz bütün MDB məkanı üçün çoxlu tədbirlər, məsələn, Lomonosov forumu, eləcə də müxtəlif yaradıcılıq festivalları keçiririk. Siz gənclərin bu cür beynəlxalq tədbirlərinin keçirilməsinə necə yanaşırsınız?

İLHAM ƏLİYEV: Mənim bu gün bu barədə danışdıqlarıma əsasən, siz özünüz bu suala mənim əvəzimdən cavab verə bilərsiniz. Mən buna müsbət yanaşıram və hesab edirəm ki, bu, əməkdaşlığın çox səmərəli formasıdır. MDU-nun Bakı filialında oxuyacaq tələbələrə gəldikdə isə mən bu diplomu almadan da onlara kömək edirdim, lakin indi onlar sizin həmkarınız kimi, professor kimi mənə tamamilə bel bağlaya bilərlər.

SUAL: Salam, hörmətli İlham Heydər oğlu, oktyabr ayında keçirilmiş telekörpü zamanı demişdiniz və bu gün də təkrar etdiniz ki, bütün azərbaycanlı tələbələr haçansa Vətənə qayıdacaqlar. Biz azərbaycanlı tələbələrin iddialı layihələri var. Məsələn, “Formula-1” avtoyürüş trassası tikintisi layihəsi. Siz belə bir layihənin həyata keçirilməsinə və Azərbaycanın onu reallaşdırmaq imkanlarına necə baxırsınız?

İLHAM ƏLİYEV: Mən bunu dəstəkləyirəm. Bu gün burada deyildi ki, biz idman məsələlərinə böyük əhəmiyyət veririk. Əlbəttə, hər şey bizim iradəmizdən asılı deyil, bu qəbildən olan yürüşlərin təşkil edilməsi üçün yəqin ki, müəyyən meyarlar və müəyyən normativlər var. Lakin mən düşünürəm ki, əgər təşkilatçılar tərəfindən belə bir arzu olarsa, biz dünya səviyyəsinə uyğun olan bir yenilik yaratmağa həmişə çalışacağıq. Burada düzgün olaraq qeyd edildiyi kimi, Azərbaycanda Olimpiya oyunları keçirmək arzumuz dövlətimizin bərqərar olmasının göstəricisidir. Azərbaycan dövləti təkcə bərqərar olmamışdır, o, dünya səviyyəli oyunlar keçirilməsini özünə rəva görmək iqtidarındadır. Axı bu, həm təşkilati, həm də maliyyə baxımından böyük məsuliyyət deməkdir və bu gün biz buna hazırıq.

Son dövrdə Azərbaycanda 13 müasir olimpiya kompleksi tikilmişdir və demək olar ki, hamısı da regionlardadır. Hazırda Azərbaycanın bütün regionlarında mehmanxanaları, üzgüçülük hovuzları olacaq, yəni istənilən beynəlxalq yarışların keçirilməsi üçün daha 23 müasir idman-olimpiya kompleksi tikilməkdədir. Bakıda bu səviyyəli tədbirlər nə qədər çox keçirilsə, bizim vətəndaşlar üçün də yaxşı olacaq, bu yolla Azərbaycan daha çox təbliğ ediləcəkdir. Biz müasir dövlət qururuq. Mədəniyyətimizə, ənənələrimizə, həyat tərzimizə əsaslanaraq, ölkəni modernləşdirməyə çalışırıq və bu istiqamətdə müəyyən təşəbbüsləri həyata keçiririk.

Azərbaycanın maliyyə imkanlarına gəldikdə isə, deyə bilərəm ki, Dünya Bankının proqnozlarına görə, neftin bir barrelinin qiyməti 50 dollar olarsa, 2020-ci ilə qədər enerji layihələrinin həyata keçirilməsindən Azərbaycana 200 milyard dollar vəsait daxil olacağı gözlənilir. Bu gün neftin bir barrelinin qiyməti 100 dollara yaxındır, ona görə də bu məbləği cəsarətlə ikiyə vurmaq olar. İstər bu gün, istərsə də gələcəkdə ölkəmizin qarşısında maliyyə problemləri olmayacaqdır. Bizə müasir texnologiyalar lazımdır, müasir infrastruktur lazımdır, insanların gündəlik həyatı ilə əlaqədar olan təhsil, tibb, infrastruktur, nəqliyyat, yollar, ekologiya, içməli su və başqa şeylər lazımdır ki, Azərbaycanda insanlar, həqiqətən, getdikcə daha yaxşı yaşasınlar. 

SUAL: Hörmətli cənab Prezident, Azərbaycan 2016-cı ilin yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün rəsmi müraciət etmişdir. Biz Moskvada yaşasaq da, Bakının qalib gəlməsini istəyirik. Siz Milli Olimpiya Komitəsinin rəhbərisiniz, Sizcə, Bakının qalib gəlmək şansı necədir və Sizin müraciətinizdə tələbələrin rolu nədən ibarətdir?

İLHAM ƏLİYEV: Tələbələrin və ümumiyyətlə, vətəndaşların rolu, əlbəttə, çox əhəmiyyətli olacaqdır, çünki Beynəlxalq Olimpiya Komitəsi hansı şəhərin seçilməsi barədə qərar qəbul edərkən bu və ya digər şəhərdə yaşayan insanların məsələyə necə münasibət bəsləməsini hökmən nəzərə alır. Deməliyəm ki, bütün başqa namizədlər arasında Azərbaycanı fərqləndirən cəhət ictimai dəstəyin ən yüksək səviyyədə olmasıdır. Əlbəttə, cəmiyyətin əsas fəal hissəsi kimi tələbələr bu məsələdə çox böyük rol oynayırlar və ümid edirik ki, onlar bundan sonra da bizim təşəbbüslərimizi fəal surətdə dəstəkləyəcəklər.

Şans məsələsinə gəldikdə isə, bu barədə danışmaq çətindir. Hərçənd, Olimpiya oyunlarının keçirilməsi tarixindən bilirik ki, ölkə heç vaxt birinci dəfədən belə hüquq qazanmamışdır. Azərbaycan belə müraciəti ilk dəfə etmişdir. Bizim rəqiblərimiz kifayət qədər ciddidir. Söhbət dünyada məşhur olan altı şəhərdən gedir və əlbəttə, rəqabət asan olmayacaqdır. Yəni belə deyək, güclü rəqabət və ilk dəfə müraciət etməyimiz bizim xeyrimizə olmayan amillərdir. Lakin bizim xeyrimizə olan amillər də var. Buraya ilk növbədə çox əlverişli coğrafi mövqe, ölkənin sahəsinin kiçik olması, artıq bu gün mövcud olan və nəinki bir, hətta bir neçə ən iri dünya birinciliyi keçirməyə imkan verən infrastrukturun olması, dünya çempionatları keçirilməsi sahəsində təcrübəyə malik olmağımız, Olimpiada keçirilməsi ilə bağlı olmadan olimpiya obyektlərinin tikilməsi faktları aiddir. Soçi ilə bağlı da belə olmuşdu. Axı, hər halda, orada da olimpiya obyektləri tikilmişdi.

Qitələrin növbələşdirilməsi qaydası da namizədin seçilməsinə müəyyən dərəcədə təsir göstərir. İndiki halda Azərbaycanın üstünlüyü bu məsələyə hansı tərəfdən baxmaqdan asılıdır: əgər Şərqdən baxsaq, biz Avropayıq, əgər Qərbdən baxsaq, biz Asiyayıq. Yəni burada Olimpiya oyunlarının keçirilməsi üçün amillər çoxdur: gözəl iqlim şəraiti, ilıq dəniz, təhlükəsizlik. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir və orada olanlar bilir ki, gündüz də, gecə də rahat gəzmək olar və bizim adamlar elə belə də edirlər.

Beləliklə, müsbət amillər də var, mənfi amillər də, lakin son qərarı, əlbəttə, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri qəbul edəcəklər. Bu ilin ortalarında ilkin qərar qəbul ediləcək, bir neçə şəhər ələnəcəkdir. Biz ümid edirik və çalışırıq ki, Bakı həmin şəhərlərin sırasına düşməsin. Bundan sonrasi isə, əlbəttə, bizim hazırlığımızdan və başqa amillərdən asılı olacaqdır.

Lakin sizin sualınıza qayıdaraq, bir daha demək istəyirəm ki, biz öz vətəndaşlarımızın və ilk növbədə ən fəal tələbələrin, o cümlədən Moskvada yaşayan sizin kimi tələbələrin güclü ictimai dəstəyinə ümid edirik.

SUAL: Hörmətli İlham Heydər oğlu, Siz Moskvada, MDBMİ-də oxumusunuz. İndi Sizin qızınız, Leyla xanım da MDBMİ-də oxuyur. Sizin fikrinizcə, bu nəsillər, Sizin nəsil və bizim nəsil bir-birindən nə ilə fərqlənir? Bir faktı Siz artıq dediniz: biz eyni ölkədə doğulmamışıq. Şəxsi xarakterli daha bir sualım var. Təsəvvür edək ki, zaman maşını var və Siz öz gəncliyinizə, lakin indiki tarixi şəraitdə qayıtmısınız. Siz MDU-nun hansı fakültəsini seçərdiniz?

İLHAM ƏLİYEV: Mən elə bir mühüm fərq görmürəm. Siz Leylanın adını çəkdiniz, o, artıq böyük qızdır, burada oxuyur. Biz öz aramızda nəsillərin hər hansı fərqini hiss etmirik. Mən ona baxanda özümün tələbəlik illərini xatırlayıram və bütün bunlar mənə çox tanışdır, tələbəliyin ruhunu heç nə ilə müqayisə eləmək olmaz. Bu, yəqin ki, yaxşı illərdir, insanların həyatında ən yaxşı illərdəndir. Sadəcə olaraq, sən gənc və tələbə olanda bəzi şeyləri başa düşmürsən, sənə elə gəlir ki, bu həmişə belə olacaq. Tələbəlik ruhu, dostluq, təhsil, dünyanın aparıcı ali məktəblərində oxumaq, görkəmli professorların mühazirələrini dinləmək imkanı böyük səadətdir. Tələbəlik illərində bundan yaxşı heç nə ola bilməz. Ona görə də mən elə hesab etmirəm ki, indiki nəsil bizim nəsildən necəsə fərqlənir, hərçənd belə düşünənlər var. Lakin bu fikirlər ənənəvidir – yaşlı nəsil həmişə deyir ki, bəs bizim vaxtımızda belə idi, biz daha yaxşı yaşayırdıq, onlar isə belə deyillər. Biz tələbə olanda da eyni vəziyyət idi. İndi də belədir. Lakin mənim nəzərimcə, burada prinsipial fərq yoxdur. Əgər mən MDU-da oxumalı olsaydım, yəqin ki, birinci dəfə olduğu kimi bir humanitar sahəni seçərdim, bu, mənə daha yaxındır və daha böyük maraq doğurur.

VİKTOR SADOVNİÇİ: Hörmətli İlham Heydər oğlu, bununla mərasimi tamamlamaq olardı, amma biz Sizə bir musiqi hədiyyəsi hazırlamışıq. Lakin onu elan etməzdən əvvəl mən bir ideyaya qayıtmalıyam ki, MDU-da bütün rəhbər vəzifələri Azərbaycandan olan adamlar tuturlar. Bizim akademik xor məşhur kollektivdir. Bu kollektivin rəhbəri ölkəmizdəki bütün mükafatları almış Mirzə Əsgərovdur, Sizin həmyerliniz. İlham Heydər oğlu, lakin məsələ bununla da bitmir. İndicə deyəcəyim xəbər yəqin ki, Sizi heyrətləndirəcəkdir. Bizim öz milis bölməmiz var, yəni bizi öz milisimiz qoruyur, tələbələrin rahatlığının, təhlükəsizliyinin keşiyini çəkir. Bu bölmədə 100-dən çox adam var. Lap bu yaxınlarda bizə bir polkovnik təyin ediblər. O da Sizin adamdır. Mənə belə gəlir ki, bu, uzaqgörənliklə edilib. Edita Stanislavovna Maqdiç, milis polkovniki. Qalır bircə rektor.

MİRZƏ ƏSGƏROV: Möhtərəm İlham Heydər oğlu, möhtərəm Viktor Antonoviç. Bu gün Sizi MDU-da salamlamaq Moskva Universitetinin qocaman həvəskar kollektivi - akademik xoru üçün böyük şərəfdir. İcazə verin, Sizə MDU-nun fəxri professoru kimi yüksək ad verilməsi münasibətilə xor adından Sizi təbrik edim, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayım. Biz Sizdən və burada iştirak edənlərdən ötrü məxsusi olaraq bu görüş üçün hazırladığımız Azərbaycan dilində bir mahnı ifa etmək istərdik.

X X X

Mirzə Əsgərovun rəhbərlik etdiyi akademik tələbə xorunun ifasında “Almanı atdım xarala” Azərbaycan xalq mahnısı və “Uzun illər” adlı ənənəvi təbrik mahnısı səsləndi.

VİKTOR SADOVNİÇİ: Hörmətli həmkarlar, bununla da Elmi Şuranın təntənəli iclası bağlı elan edilir. Mən təklif edirəm, korporasiyamızın yeni üzvünü, fəxri professor, Azərbaycan Respublikasının Prezidentini bir daha təbrik edək.

X X X

Prezident İlham Əliyev MDU-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, xatirə şəkli çəkdirdi. 

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır