Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Növbəti aylarda, əlbəttə, bütün iqtisadiyyatda bu müsbət ənənələr davam etməlidir. Həm müxtəlif proqramlar üzrə işlər davam etməlidir və həm də ki, həyat yerində durmur, yeni məsələlər üzə çıxır. Biz bu məsələlərin həlli üçün fəal işləməliyik. Regional inkişaf proqramı da artıq başa çatmaq üzrədir. Proqramda əks olunan əsas məsələlər öz həllini tapıbdır. Bəzi məsələlər həllini tapmayıb, amma proqramın başa çatmasına hələ təxminən bir il vaxt var. Əminəm ki, qalan bütün məsələlər də öz həllini tapacaqdır.

Əlbəttə, 2004-cü ilin əvvəlində bütün məsələləri o proqrama salmaq mümkün deyildi. Son 3-4 il ərzində o qədər böyük işlər görülübdür ki, o məsələlər proqramda yox idi, amma biz bunları reallıqda həll etmişik. Biz növbəti illər üçün də regional inkişaf proqramının davamını işləməliyik. Mən bu barədə artıq hökumətə göstəriş vermişəm. Növbəti illərdə görüləcək işlər tam şəkildə proqrama salınmalı, maliyyə resursları təmin olunmalıdır, icra mexanizmi və məsuliyyət daşıyan qurumlar da müəyyən edilməlidir. Beləliklə, biz Azərbaycanda qeyri-neft sektorunun inkişafına tam şəkildə nail ola biləcəyik. İndi bu, bizim üçün iqtisadi sahədə əsas məsələlərdən biridir.

Artıq burada deyildiyi kimi, neft sektorunda böyük uğurlar var. Azərbaycan qarşıda duran bütün vəzifələri icra edibdir. Həm özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edib, həm də qonşu ölkələrin və Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayacaqdır. Bu, bizim böyük üstünlüyümüzdür. Azərbaycanda bütün dövrlərdə zəngin neft və qaz yataqları var idi. Ancaq bu, hələ o demək deyil ki, ölkə bu yataqlardan səmərəli istifadə edə bilsin. Bizim düşünülmüş siyasətimiz, neft-qaz layihələrimizin uğurla həyata keçirilməsi, bu sahədə şəffaflığın təmin olunması və gəlirlərin ədalətli şəkildə bölünməsi - məhz bu amillər Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı düşməsinə şərait yaradır.

Neft və qazla zəngin olan bir neçə ölkə var ki, orada nə qədər çox neft, qaz hasil olunursa, cəmiyyətdə bir o qədər çox təbəqələşmə gedir. Bizdə belə deyildir. Biz həm müsbət, həm də mənfi təcrübəni öyrənmişik və Azərbaycanda görülən işlər, əlbəttə, milli gəlirin bərabər şəkildə bölünməsinə xidmət göstərir.

O ki qaldı qeyri-neft sektoruna, bu sahədə iqtisadi islahatlar davam etdirilməlidir, kreditlər verilməlidir və verilir. Hər il özəl sektora təxminən 100 milyon dollar səviyyəsində, yaxşı şərtlərlə kreditlər verilir. Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir. Həm kreditlər hesabına, həm də yerli iş adamlarının təşəbbüsü nəticəsində bölgələrdə böyük sənaye kompleksləri tikilir.

Azərbaycanda ildən-ilə tələbat artır və istehlak mallarının istehsalı daha da geniş vüsət almalıdır. Biz bunu istəyirik. İstəyirik ki, Azərbaycan idxaldan asılılığını maksimum dərəcədə azaltsın və gündəlik tələbat malları Azərbaycanda istehsal olunsun. Bu proses gedir. Dövlət həm kreditlərin verilməsi ilə, həm də özəl sektoru dəstəkləməklə öz köməyini göstərir. Bu sahədə biz gələcəkdə çox işləməliyik.

Azərbaycanda yaradılmış Dövlət İnvestisiya Şirkəti daha da fəal işləməlidir. Mən bilirəm ki, artıq müxtəlif layihələr üzrə ilkin danışıqlar aparılır. Amma lazımdır ki, bu ilkin danışıqlar artıq real layihələrə çevrilsin və tezliklə ölkəmizin inkişafına xidmət göstərə biləcək iqtisadi layihələr Azərbaycan Dövlət İnvestisiya Şirkəti tərəfindən xarici tərəfdaşlarla birlikdə icra olunsun.

Qeyri-neft sektorunun inkişafı ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bizdə 600 mindən çox iş yerlərinin açılması da, əsasən, qeyri-neft sektorunda baş veribdir. Tutaq ki, biz neft sektoruna daha da böyük investisiya cəlb etməklə makroiqtisadi vəziyyəti yaxşılaşdıra, ölkəmizin valyuta ehtiyatlarını artıra bilərik və bunu edirik. Amma əgər qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf etməsə, onda o sahədə çalışan insanlara bunun o qədər də böyük təsiri olmayacaqdır. Düzdür, büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqları, pensiyaları dövlət büdcəsindən asılıdır. Biz bu kateqoriyadan olan insanlara daim diqqət göstəririk. Növbəti ildə minimum əmək haqqı, pensiyalar yenə qaldırılacaqdır. Amma Azərbaycanda vətəndaşlarımızın böyük bir hissəsi kənd təsərrüfatında və özəl sektorda fəaliyyət göstərir. Onların gəlirləri məhz bölgələrdə yaradılan gözəl biznes şəraitindən, kreditlərdən, uğurlu iqtisadi islahatlardan və qeyri-neft sektorunun inkişafından asılıdır. Əlbəttə, bank sektorunun inkişafı da bu sahədə böyük əhəmiyyətə malikdir.

İqtisadi inkişafın və sosial vəziyyətin yaxşılaşmasına dəlalət edən bir amil də ondan ibarətdir ki, ötən 9 ay ərzində əhalinin banklardakı əmanəti 80 faiz artıbdır. Bu, bir tərəfdən onu göstərir ki, insanların əlavə maliyyə resursları yaranır, digər tərəfdən isə, banklara olan inamın artmasının təzahürüdür. Bu da çox vacibdir. Bank sektorunun inkişafı, əlbəttə, qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərən amildir.

Həmişə olduğu kimi, növbəti aylarda və 2008-ci ildə də makroiqtisadi vəziyyətə böyük diqqət göstərməliyik. Giriş sözümdə bunu qeyd etdim ki, inflyasiyanın 15-16 faizə qalxması məni çox narahat edir. Yenə də deyirəm, bunun həm təbii, həm də süni səbəbləri var. Biz təbii səbəblərə qarşı iqtisadi islahatlarla, makroiqtisadi addımlarla mübarizə apara bilərik. Süni səbəblərə qarşı isə biz gərək çox ciddi siyasət aparaq. İnzibati addımlar atılmalıdır, bu problemləri yaradan şirkətlərə qarşı sanksiyalar tətbiq olunmalıdır.

Onlar çox ciddi cəzalandırılmalıdır ki, Azərbaycanda sağlam rəqabət mühiti möhkəmlənsin, inhisarçılığa son qoyulsun. Əfsuslar olsun ki, həm idxalda, həm də yerli istehsalda inhisarçılıq meyilləri hələ də qalmaqdadır. Buna qarşı böyük mübarizə aparılmalıdır. Bu, öz növbəsində, inflyasiyanın birrəqəmli səviyyədə qalmasına kömək göstərəcəkdir.

Mən ümid edirəm ki, 2008-ci ildə inflyasiya birrəqəmli səviyyədə olacaqdır. Çünki 2008-ci ildə heç bir kommunal ödənişlərin qaldırılması nəzərdə tutulmur. Bildiyiniz kimi, bu ilin əvvəlində elektrik enerjisi tariflərinin qaldırılması inflyasiyaya ən böyük təkan verən bir amil olmuşdur. Əlbəttə ki, dünyada neftin qiymətlərinin qalxması ilə bərabər. Neftin qiyməti qalxdıqca, bütün idxal olunan malların qiyməti qalxır. Bir tərəfdən, bəziləri fikirləşir ki, indi neftin bir barrelinin qiymətinin 80, yaxud 85 dollara çatması Azərbaycan üçün əlverişlidir. O baxımdan ki, bizim maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız artır. Ancaq tutaq ki, indi bu 6,3 milyarddır, gələn il 7, yaxud 10 milyard olacaqdır. Əlbəttə, bu, böyük bir üstünlükdür. Amma o da reallıqdır ki, biz bu pulun hamısından istifadə edə bilmərik. Biz əgər bu pulun hamısını daxili bazara yönəltsək, inflyasiya daha da böyük sürətlə artacaqdır. Bu, reallıqdır. Ona görə biz sosial proqramları çox böyük ehtiyatla aparırıq. Bir tərəfdən, insanların artan tələbatını ödəməliyik, maaşlar, pensiyalar qaldırılmalıdır və qaldırılacaqdır. Ancaq birdən-birə bunu böyük həcmdə etsək, əlbəttə, inflyasiya bütün müsbət addımın nəticələrini neytrallaşdıracaqdır. Ona görə bu sahəyə böyük diqqət göstərilməlidir. Dünyada neftin qiymətinin artması, deyə bilərəm ki, makroiqtisadi sabitlik üçün böyük təhlükədir. Amma Azərbaycanın buna təsir etmək imkanları yoxdur. Ona görə biz gərək öz siyasətimizi elə aparaq ki, o mənfi təsirin səviyyəsini maksimum dərəcədə azaldaq.

Beləliklə, makroiqtisadi vəziyyət diqqət mərkəzində olmalıdır. Birrəqəmli inflyasiya 2008-ci ildə Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artacaq, aparılan iqtisadi islahatlar, özəl sektora verilən kreditlər daha da böyük həcmdə işləyəcək, 2008-ci ildə həm minimum əmək haqqı və pensiya, həm də büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqları qaldırılacaqdır.

2007-ci ilin ikinci yarısında ölkə iqtisadiyyatına yenilik gətirən mənzərə də müşahidə olunur. Bu da ondan ibarətdir ki, Azərbaycan şirkətləri xaricə sərmayə qoymağa başlamışdır. Bu, ölkənin ümumi inkişafına təsir edən bir amildir. Əvvəllər biz bütün dövrlərdə xarici investisiyaların Azərbaycana gətirilməsi ilə məşğul idik, bu gün də məşğuluq, sabah da məşğul olmalıyıq. Bizim özümüzün nə qədər valyuta ehtiyatlarımız olursa-olsun, yenə də xarici investisiyaları Azərbaycana, xüsusilə qeyri-neft sektoruna cəlb etməliyik. Bu prosesə təkan verə biləcək bütün addımları atmalıyıq. İqtisadiyyat daha da liberallaşmalıdır. Biznesə əngəl törədən bütün amillər aradan qaldırılmalıdır. Xarici investisiyaları cəlb etmək üçün nə lazımdırsa, onu edəcəyik. Amma bununla bərabər, başqa inkişaf etmiş ölkələrdə olduğu kimi, indi Azərbaycan şirkətləri xaricə sərmayələr qoyurlar. Xüsusilə Dövlət Neft Şirkəti həm Gürcüstana, həm Türkiyəyə, həm də Şərqi Avropa ölkələrinə belə investisiyaların qoyulması prosesinə başlamışdır və davam edəcəkdir. Əgər biz bütün investisiya paketini götürsək, bu, bir neçə milyard dollar həcmindədir.

Dövlət Neft Şirkətinin indi çox gözəl kredit reytinqi var. O, istənilən məbləğdə kreditləri cəlb edə bilər. Həm Azərbaycanda işlərin aparılması üçün, həm xarici investisiya layihələrinin həyata keçirilməsi üçün. Bu, əlbəttə, bizim iqtisadi imkanlarımızı artıracaq və Azərbaycan başqa ölkələr üçün investor kimi fəaliyyət göstərəcəkdir.

Onu da deyə bilərəm ki, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlar zamanı bu məsələ xüsusilə vurğulanmışdır. Həm ən inkişaf etmiş ölkələr tərəfindən belə arzular ifadə olunur, həm də iqtisadi cəhətdən o qədər də inkişaf etməyən ölkələrin rəhbərləri bu məsələlərlə bağlı Azərbaycana müraciət edirlər. Biz hər bir məsələyə fərdi qaydada baxmalıyıq. Əlbəttə ki, bu investisiyaları bizim üçün dost olan, yaxın olan ölkələrə daha çox qoymalıyıq. Eyni zamanda, bu məsələdə iqtisadi səmərə də başlıca rol oynamalıdır. Yəni demək istəyirəm ki, bu, bizim üçün bir yenilikdir. Ümid edirəm ki, Azərbaycanda yerli şirkətlərin fəaliyyətinin güclənməsi nəticəsində başqa sektorlara da investisiya qoyulacaqdır. Belə hallar var. Amma bu investisiyalar, əlbəttə, daha çox neft-qaz sektoruna və nəqliyyat infrastrukturunun möhkəmlənməsinə qoyulur. Bir sözlə, bu, ölkəmizin inkişafının mühüm əlamətidir.

Biz tranzit infrastrukturumuzu, bütövlükdə nəqliyyat infrastrukturumuzu da möhkəmləndirməliyik. Bu məsələləri nəqliyyat naziri öz çıxışında qeyd etdi. Bu işlər artıq başlanıb, bütün nəqliyyat infrastrukturunun yeniləşməsi prosesi uğurla gedir. Bizim tərəfimizdən atılmış addımlar öz nəticəsini verir. Magistral yollar, şəhərlərarası yollar, şəhər və rayondaxili yollar, kənd yolları çəkilir. Çünki bu olmasa, hərtərəfli inkişafdan söhbət gedə bilməz. Yol iqtisadiyyatın, elə bil ki, təkanvericisidir. Yol olmasa, heç bir sənaye sahəsi, turizm sahəsi inkişaf edə bilməz. Hətta yollar çəkildiyi halda da dövlət büdcəsinə qənaət gətirəcəkdir.

Mən mütəmadi qaydada bölgələrdə oluram. Bəzi hallarda biz çalışırıq ki, hər bir məntəqədə, yaxud kənddə bir tibb məntəqəsi açılsın, yaxud da kiçik bir məktəb tikilsin. Bunu edirik. Amma kənd əhalisi müraciət edir, deyir ki, Siz bizim kəndimizə yol çəkin, ondan sonra heç tibb məntəqəsi də lazım deyil. Biz o yolla 5-10 kilometr gedib daha böyük məntəqədə müalicə olunacağıq, uşaqlarımızı oraya məktəbə göndərəcəyik. Yəni bu da var. Ona görə infrasktruktur layihələrində birinci yerdə yol olmalıdır. O layihələr hamısı var, buna vəsait də ayrılır. Son illər ərzində böyük həcmdə vəsait ayrılır. Həm xarici kreditlər, həm də dövlət büdcəsinin vəsaitləri. Azərbaycanda bütün yol infrastrukturu yeniləşməlidir və dünyanın ən yüksək səviyyəsinə çatmalıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanmasına az qalıb. İndi son dəqiqləşdirmə işləri aparılır. Bu, böyük tarixi bir layihədir. Onun əhəmiyyəti haqqında danışmağa dəyməz, bunu hamı başa düşür. Bu, bizim böyük nailiyyətimizdir. Deyə bilərəm ki, tarixi nailiyyətimizdir. Bütövlükdə, Şərq-Qərb nəqliyyat və enerji dəhlizinin möhkəmləndirilməsi işində Azərbaycan təşəbbüskar rolunu oynamışdır. Bizim təşəbbüslərimiz həm enerji, həm də nəqliyyat dəhlizlərinin açılmasında həlledici rol oynamışdır və bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılması istiqamətində işlər davam etdirilməlidir.

Eyni zamanda, biz şəhərlərimizin abadlaşdırılması ilə də daha ciddi məşğul olmalıyıq. Mənim imzaladığım sərəncamlara əsasən, indi Bakıda bu işlər gedir. Bütün tarixi binalar bərpa olunur, yeni görkəm alır. Başqa şəhər və rayonlarda da bu işlər aparılmalıdır və aparılır. Bütövlükdə, gərək şəhər və rayonların təsərrüfatları çox yüksək səviyyədə olsun. Biz indi böyük sayda kommunal texnikanın alınması ilə məşğuluq. Bu məqsədlər üçün xüsusi vəsait, 25 milyon manat ayrılmışdır ki, bütün rayonlara lazım olan kommunal texnika göndərilsin.

Mən mütəmadi qaydada rayon icra hakimiyyəti başçılarını Avropanın aparıcı ölkələrinə ezam edirəm ki, orada mövcud olan ən müsbət elementləri Azərbaycana gətirsinlər. Vurğulamaq istəyirəm ki, müsbət elementləri. Kortəbii şəkildə orada nə var, gəlin, bunu Azərbaycanda da edək – bunu etmək olmaz. Orada bəzi şeylər var ki, onların bizə heç bir xeyri olmayacaqdır. Amma müsbət nə varsa, biz onu gətirməliyik, tətbiq etməliyik. Həm şəhər təsərrüfatı işlərində, həm bütövlükdə texnologiyalarda, sənaye potensialının möhkəmlənməsində və s. işlərdə.

Tikinti sektoruna dövlət nəzarətinin gücləndirilməsi prosesi daha da sürətlə getməlidir. Bu sahədə çoxlu çatışmazlıq var. Bizi qane etməyən məqamlar kifayət qədər çoxdur. O faciəli hadisədən sonra bu məsələ araşdırılır və görürük ki, bu sahədə çoxlu pozuntular var.

Qanunsuz binalar tikilir. Necə ola bilər ki, qanunsuz bina tikilsin? Axı, bu mümkün deyil! Qanunsuz binanı tikən qanunu pozur. Qanunu pozursa, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Qanunsuz binaların tikilməsinə göz yuman da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yəni, bu sahəyə biz çox böyük diqqət göstərməliyik, özbaşınalıqların hamısını aradan qaldırmalıyıq. Burada qayda-qanun yaratmaq lazımdır.

Azərbaycanda indi tikinti sektoru inkişaf edir. Çox yaxşı əlamətdir. Yüzlərlə binalar tikilir, yaşayış binaları. İnsanların imkanları artır. Hamı istəyir ki, yaxşı evdə yaşasın. Mən də bunu alqışlayıram. Amma gərək burada təhlükəsizlik qaydaları qorunsun. Gərək tikilən evlərin ərazilərinə gərək baxaq, o evlər arasında məsafə gərək kifayət qədər olsun. Yoxsa, bu proses belə xaotik şəkildə baş alıb gedir. Ona görə mən bunu dayandırmışam. Demişəm, indi xalq qarşısında da deyirəm, dayandırmışam. Ona görə ki, burada qayda-qanun yaradılmalıdır. Bütün evlər təhlükəsizlik normalarına uyğun olmalıdır, onların gözəl memarlıq cəhətləri olmalıdır, binalar tikilən yerlərin əraziləri buna uyğun olmalıdır. Şəhərin baş planına uyğun aparılmalıdır və qanunsuz bir dənə köşk də tikilməməlidir. Ona görə mən bunu bir daha ciddi deyirəm və kim bu qanunu pozacaqsa, o, cinayət məsuliyyətinə cəlb ediləcəkdir.

Ev tikilir, fəhlələri işə cəlb edirlər, əmək müqavilələri yoxdur. Yaxud da əmək haqqı. İndi hamı bilir ki, tikinti sektorunda ən aşağı işdə işləyən ayda minimum 200, 300, bəlkə də 400 manat maaş alır. Amma cədvəldə rəsmi nə qədər göstərilir? Minimum əmək haqqı – 50 manat göstərilir. Nə üçün? Vergidən yayınmaq üçün. Bunu hamı bilir. Yaxşı, onda niyə tədbir görülmür?! Tam şəkildə şəffaflıq olmalıdır, əmək müqavilələri bağlanmalıdır, orada işləyən fəhlələrin təhlükəsizliyi üçün tədbirlər təmin edilməlidir. Hamı qeydiyyata alınmalıdır və ona verilən real maaş real cədvəldə də göstərilməlidir.

Mənə verilən məlumata görə, büdcə ildə 100 milyon manatdan çox pul itirir. Çünki vergidən yayınırlar. Evi tikənlər onsuz da gəlir əldə edirlər. Əgər bu o qədər gəlirli sahə olmasaydı, indi bu qədər maraq da olmazdı. Yaxşı, insaf olmalıdır. Bu, bir tərəfdən. İkinci tərəfdən, dövlət nəzarəti. Bax, mən deyirəm ki, buna cavabdehlik daşıyan bütün orqanlara bildirirəm, çox ciddi şəkildə, 100 faiz nəzarət təmin edilməlidir. Heç kimə heç bir güzəşt olmamalıdır, heç bir istisna hal olmamalıdır, hamı - bu sahədə çalışan firmalar, şirkətlər bütün qaydalara əməl etməlidir.

Energetika sektorunun inkişafı da çox sevindirici məsələdir. Mən qışa hazırlıqla bağlı ayrıca müşavirə keçirəcəyəm və orada energetika ilə bağlı bütün məsələləri müzakirə edəcəyik. Amma indi deyə bilərəm ki, bu sahədə böyük uğurlar əldə edə bilmişik. Həm çoxlu yeni elektrik stansiyaları, həm də yardımçı stansiyalar tikilir, transformatorlar quraşdırılır, yəni, Azərbaycanda dayanıqlı elektrik enerjisi təchizatı təmin olunur.

Çox sevindirici haldır ki, biz nəhayət, elektrik enerjisinin haqqını da maksimum dərəcədə yığmağa başlamışıq. Mənə verilən məlumata görə, enerji pulu təxminən 80-90 faiz səviyyəsində yığılır. Sayğaclaşdırma prosesi uğurla başa çatıb və indi əhali bilir ki, nəyin pulunu verir. Bu sahədə də islahatlar aparılıb, oğurluq hallarının qarşısı xeyli dərəcədə alınıbdır. Bu sahəyə, xüsusilə Bakı elektrik şəbəkəsinə uzun illər ərzində rəhbərlik edən “Barmek” şirkəti bu işlərdən kənarlaşdırılıb və dərhal biz bunun gözəl nəticələrini gördük. İndi həm dövlət yardımı, dövlət nəzarəti var, həm də məsuliyyətli yanaşma var.

“Barmek” şirkətinin əsas məqsədi Azərbaycan xalqını soymaq idi. Enerji infrastrukturuna bir manat pul qoymadan burada çirkin əməllərlə - dələduzluqla, fırıldaqçılıqla və oğurluqla məşğul idilər. Biz gərək hər şeyi öz adı ilə deyək. Ona görə buna son qoyuldu, şəbəkə dövlət nəzarətinə keçdi və biz bunun gözəl nəticələrini görürük və görəcəyik də. Azərbaycanda - Bakıda və bütün rayonlarda əhali sutkada 24 saat enerji almalıdır. İndi kifayət qədər elektrik stansiyaları tikilib və yenə də tikilir. Baxmayaraq ki, Azərbaycanda son bir il ərzində beş elektrik stansiyası tikilib, yenə Sumqayıtda, Səngəçalda stansiyalar tikilir. Mingəçevirdə bloklar təmir olunur, gələcəkdə Əli Bayramlıda yeni stansiya tikiləcək və lazım olarsa, başqa sahələrdə də inşa olunacaqdır.

Burada nazir Natiq Əliyev bərpa olunan enerji mənbələri haqqında məlumat verdi. Mən bu təklifləri yüz faiz dəstəkləyirəm. Biz bərpa olunan enerji növlərinə maksimum dərəcədə diqqət yönəltməliyik. Biz, demək olar ki, əsas enerji potensialımızı yaratmışıq, indi bu sahəyə diqqət verməliyik. Külək, günəş və su enerji növlərinə böyük diqqət göstərilməlidir. Pilot layihəsi qoy davam etsin, biz onun nəticələrinə baxarıq. Bununla bərabər, dövlət xətti ilə dövlət büdcəsi hesabına maliyyələşən layihələr haqqında da fikirləşin və biz bu sahəyə nə qədər lazımdırsa vəsait qoyacağıq. Bu, həm ekoloji məsələlərin həlli deməkdir, həm də neftə, mazuta, qaza olan qənaətdir. Biz qənaət etdiyimiz təbii sərvətləri ixrac etsək, daha da böyük həcmdə vəsait qazanacağıq. Bu sahəyə böyük diqqət göstərilməlidir.

Eyni zamanda, qaz xətlərinin çəkilişi davam edir. Xüsusilə Bakının kənd və qəsəbələrinin qazlaşdırılması prosesi gedir. Başqa şəhər və rayonlarda qaz xətləri çəkilir. İstilik təsərrüfatına böyük diqqət göstəririk. Bu yaxınlarda yenə Nazirlər Kabinetinin ehtiyat fondundan “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinə 10 milyon manat verilibdir. Çalışmaq lazımdır ki, bundan səmərəli istifadə edib qışa qədər maksimum dərəcədə bütün məktəbləri, şəhərdə yerləşən xəstəxanaları, yaşayış binalarını istiliklə təmin edək.

Bilirəm ki, burada çox böyük çətinliklər var. Çünki vaxtilə bəzi insanlar evdəki batareyaları kəsib atıblar ki, istilik yox idi. İndi onları bərpa etmək, yenidən xətlər çəkmək çox böyük çətinlik yaradır. Bəziləri evlərini təmir ediblər, heç istəmirlər ki, istilik sisteminə qoşulsun. Amma biz elə etməliyik ki, qoşulsun. Çünki bu, elektrik enerjisinə olan qənaətdir, istilik verilməsi ucuzdur. Bunu etməliyik.

Siz bilirsiniz ki, vaxtilə “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətini yaratdıq. İndi o, bütün bu təsərrüfata cavabdehlik daşıyır və bütün işlər vaxtlı-vaxtında və müasir səviyyədə həll olunmalıdır. O qədər də uzaq olmayan gələcəkdə bizdə güclü enerji ixracı potensialı yaranacaqdır. Biz bu məsələ üzərində işləyirik. İndi Azərbaycanda kifayət qədər elektrik stansiyaları var, yenə də tikilir. Bizim 3 min meqavat yeni enerji resursumuz olacaqdır. Düzdür, iqtisadiyyatın inkişafı, əhalinin artımı və ümumi inkişaf sayəsində onun bir hissəsi daxili tələbata gedəcək, çünki daxili tələbat artır. Ancaq ixrac etmək üçün də imkanlar yaradılmalıdır. Xüsusi yüksəkgərginlikli xətlər çəkilməlidir. Bu sahədə biz artıq qonşu ölkələrlə - Gürcüstanla danışıqlar aparırıq. İranla bizim enerji mübadiləmiz var. İndi yeni xətlər çəkilir və təxminən ildə 700 meqavat gücündə enerji mübadiləsi aparılacaqdır. Eyni zamanda, Gürcüstan ərazisi ilə Türkiyəyə elektrik enerjisinin ixracı da mümkün olan məsələdir. Biz bu sahədə də çalışmalıyıq. Bu, əgər belə demək mümkündürsə, Bakı-Tbilisi-Ceyhanın məntiqi davamı olacaq, iqtisadi və regional əməkdaşlıq baxımından ondan az səmərə verməyən bir layihə olacaqdır.

Mən bu yaxınlarda Naxçıvandaydım, orada vəziyyətlə tanış olurdum. Vaxtilə qaranlıqda yaşayan naxçıvanlılar indi davamlı elektrik enerjisi ilə təmin olunurlar və artıq orada hətta ixrac potensialı yaranıbdır. Çünki orada tikilən və bərpa olunan elektrik stansiyaları, su elektrik stansiyaları və tikiləcək su elektrik stansiyaları əlavə resurs yaradır və bu gün Naxçıvan hazırdır ki, öz enerji resurslarını qonşu ölkələrə ixrac etsin. Bu barədə də danışıqlar gedir.

Qeyri-neft sektorunun inkişafı, eyni zamanda, sənaye potensialının inkişafı deməkdir. Bu sahəyə də çox böyük diqqət göstərilməlidir. Biz bu artan maddi imkanlardan istifadə edib Azərbaycanda çox güclü sənaye kompleksləri yaratmalıyıq. Həm şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu sahəyə vəsait qoysunlar, həm də bəzi hallarda dövlət xətti ilə kreditlərin verilməsi hesabına buna kömək göstərməliyik ki, Azərbaycanda qeyri-neft sektoru da inkişaf etsin.

Qeyri-neft sektoru dedikdə, bu, təkcə kənd təsərrüfatı, emal müəssisələri demək deyildir. Eyni zamanda, Azərbaycana ixrac qabiliyyətli böyük sənaye kompleksləri lazımdır. O sənaye kompleksləri ki, onların fəaliyyəti üçün yerli resurslar var, xammal var. İxrac qabiliyyətli məhsulu istehsal edə biləcək sənaye obyektləri bizə lazımdır və buna böyük diqqət göstərməliyik. İndi bu sahədə müəyyən konkret işlər görülür. Bilirəm ki, Azərbaycanda sənaye inkişaf edir, yeni müəssisələr tikilir. Ancaq biz buna daha da geniş formatda baxmalıyıq.

Burada ekoloji məsələlərdən danışıldı, bu sahə də həmişə diqqət mərkəzində olmalıdır. Bu, bizim sağlamlığımız, gənc nəslin sağlamlığı məsələsidir. Ətraf mühitin qorunması hər bir ölkənin inkişafını göstərən bir amildir. Biz isə müasir ölkə qururuq, ölkəmizi hərtərəfli inkişaf etdirmək istəyirik. Ona görə bu sahə də həmişə diqqət mərkəzində olmalıdır. Həm ətraf mühitin qorunması, çirklənmənin qarşısının alınması, həm də əhalinin təmiz su ilə təmin olunması məsələləri. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Bu da tarixi bir layihədir. Uzun illər, bəlkə də onilliklər ərzində bu barədə müxtəlif söhbətlər gedirdi, danışıqlar aparılırdı, layihə öyrənilirdi. Ancaq biz bunun real tikintisinə başlamışıq və işlər uğurla gedir. Əminəm ki, gələn il Bakıya təmiz içməli su gətiriləcəkdir.

Bununla bərabər, digər istiqamətdə Samur-Abşeron kanalının tikintisi də davam edir və biz bu yaxın zamanlarda yəqin ki, Taxtakörpü su anbarının tikintisinə də başlayacağıq. Beləliklə, Azərbaycanı, Bakını və bütün bölgələri içməli su ilə təmin edəcəyik.

Bəzi hallarda yeni yollar çəkilən zaman, yaxud da infrastruktur layihələri həyata keçirilən zaman ağaclar məhv olunur. Burada Hüseyn Bağırov qeyd etdi, məhz bu məqsədlə böyük vəsait ayrılıbdır. İstənilən diametrdə olan ağacları köçürmək üçün xarici avadanlıq, maşınlar alınıbdır. Mən deyirəm ki, o maşınlar işə düşəndən sonra bir dənə də ağac kəsilməməlidir. Əgər hansısa avtomobil yolu çəkilirsə, yaxud da bir infrastruktur layihəsi həyata keçirilirsə, ağaclar sadəcə olaraq köçürülməlidir və yeni yerlərdə əkilməlidir. Ağacları kəsmək olmaz və əfsuslar olsun ki, bəzi hallarda biz görürük ki, həm Bakıda, həm də rayonlarda ağaclar kəsilir. Bu, bizim təbii sərvətimizdir. Həm ekoloji baxımdan, həm də şəhərlərə gözəllik vermək baxımından. Əgər hansısa ağac götürülməlidirsə, o, yalnız və yalnız köçürülməlidir. Əgər bu mümkün deyilsə, bir ağac əvəzinə, başqa yerdə minimun bir-iki ağac əkilməlidir. Mən xahiş edirəm ki, buna fikir verəsiniz.

Bütövlükdə, biz iqtisadi və sosial məsələləri müzakirə etdik. Mən bir məsələni də vurğulamaq istəyirəm. Bəlkə də, bunun doqquz ayın yekunlarına birbaşa aidiyyəti yoxdur. Ancaq ölkəmizin inkişafına və ictimai vəziyyətə aidiyyəti var. Biz indi dünyaya, Avropaya inteqrasiya edirik. Bu, bizim siyasətimizdir. Azərbaycan açıq qapılar siyasəti aparır və yenə də deyirəm, biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycana gətirməliyik və tətbiq etməliyik. Amma bu meyil, əlbəttə ki, milli xüsusiyyətlər hesabına olmamalıdır. Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur.

Ona görə bu sahələrə çox böyük diqqət göstərilməlidir. Bunlar Azərbaycanı əsrlər boyu assimilyasiyadan qoruyan amillərdir və bu sahəyə böyük diqqət yetirilməlidir. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz – biz bu sahələrə böyük diqqət göstərməliyik. Nəinki hansısa elmi tədqiqatlarda, yaxud da hansısa rəsmi tədbirlərdə, həm də gündəlik həyatda bu sahəyə diqqət göstərməliyik. Mən nə üçün bunu deyirəm? Çünki bəzi hallarda bu unudulur, bəzi hallarda xalqımıza xas olmayan əlamətlər üzə çıxır.

Biz indi açıq cəmiyyətdə, azadlıq şəraitində yaşayırıq. Azərbaycanda bütün hüquqlar var. Azərbaycan xalqı bütün hüquqlardan istifadə edir. Heç bir məhdudiyyət yoxdur. Nə iqtisadi sahədə, nə siyasi sahədə, nə siyasi partiyaların fəaliyyətində, nə ictimai sahədə. Yəni, Azərbaycan xalqı sözün əsl mənasında azad xalqdır və bu azadlıqdan, əlbəttə ki, istifadə edir. Bu, bizim böyük nailiyyətimizdir. Ancaq bu o demək deyil ki, bizim xalqımıza yaraşmayan, yaxud da xas olmayan hansısa xüsusi şənliklər təşkil olunsun, hansısa yersiz tədbirlər keçirilsin. Mən bunu bəyənmirəm. Əksinə, mən daxilən bunun əleyhinəyəm. Ancaq heç kimə də öz iradəmi zorla qəbul etdirə bilmərəm. İnsanlar azaddır, sərbəstdir. Ancaq dövlət məmurları, vəzifəli şəxslər, onlar o etik qaydalara riayət etməlidirlər, bizə xas olmayan, mənfi, yabançı təsiri Azərbaycanda tətbiq etməməlidirlər. Bu, mənim dövlət məmurlarına tövsiyəm və onlardan tələbimdir. Dövlət məmuru, vəzifəli şəxs hər sahədə - işdə, ictimai işində və həyatda təvazökar olmalıdır. Əgər hansısa bir iş adamı, yaxud da başqa bir adam nəsə edirsə, bu, onun öz işidir. O işləri görməklə özünü biabır edir və cəmiyyətdə gözdən salır. Bunu dövlət məmuru, vəzifəli şəxs edirsə, bu, artıq təkcə onun işi deyil. Bu, bütün dövlətə, idarəçiliyə, iqtidara şərəf gətirməyən hərəkətdir.

Mən çox da dərinə getmək istəmirəm. Bilirəm ki, siz də başa düşürsünüz, televiziyada qulaq asanlar da başa düşürlər. Dövlət məmurları, vəzifəli şəxslər, üzdə olan insanlar, Azərbaycanın inkişafında, yaxud da qərarların qəbul olunmasında iştirak edən insanlar təvazökar olmalıdırlar və milli ruhda yaşamalıdırlar. Bütün tədbirləri, şənlikləri, başqa tədbirləri bax, bu çərçivədə aparmalıdırlar. Bu, birincisi.

İkincisi, məni narahat edən məsələ odur ki, elə bil cəmiyyətdə, bir təbəqə var ki, onlara toxunmaq olmaz. Bilirsiniz ki, indi Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir. Asayiş qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır. Demək olar ki, əvvəllər mövcud olan bütün cinayətkar dəstələr zərərsizləşdirildi, cəzalarını çəkirlər və çəkməlidirlər. Quldurlar, cinayətkarlar cəzalandırılmalıdır. Bu, hüquqi dövlət prinsipinə əsaslanan bir amildir. İndi Azərbaycanda quldurluq, yaxud da soyğunçuluq, adamöldürmə kimi cinayətləri biz çox az sayda görürük. Əgər başqa ölkələrin statistikası ilə bizim statistikamızı müqayisə etsək görərik ki, bu sahədə ölkəmiz qabaqcıl yerlərdədir.

Əmniyyət, təhlükəsizlik şəraiti var, insanlar gecə-gündüz sərbəst yaşayırlar, gəzirlər. Hətta xaricdən gələnlər də buna həmişə təəccüb edirlər ki, sizdə belə əmin-amanlıq, sabitlik mövcuddur. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı rahat yaşayır. Ancaq bəzi hallarda xuliqanlıqla məşğul olanlar, xüsusilə avtoxuliqanlıqla məşğul olanlar elə bil ki, toxunulmazdırlar. Nə üçün? Hansısa cinayət əməlini törədən insan, yaxud bir oğurluq və ya xuliqanlıq edən insan dərhal cinayət məsuliyyətinə cəlb edilir, həbs olunur və cəzasını alır. Ancaq insanların təhlükəsizliyinə zərbə vuran, həyatına təhlükə yaradan bu avtoxuliqanlar, elə bil ki, Azərbaycan vətəndaşları deyillər. Elə bil ki, qanun onlara aid deyildir. Nə üçün? Ona görə ki, onların arxasında varlı və imkanlı adamlar dayanır. Ona görə ki, onlar kiminsə qohumlarıdır. Ona görə ki, kiməsə arxalanırlar. Bu, dözülməz bir haldır. Mən buna dözə bilmərəm və sizə, daxili işlər nazirinə deyirəm, yığışdırın bu halları. Biz kimə şərait yaradırıq?! Xuliqanlara, xarici maşınlarla heç bir yol qaydalarına əməl etmir, yol hərəkəti qaydalarını pozurlar, insanlara təhlükə yaradırlar, dövlət yol polisinin sözünə baxmırlar. Yekəxanalıq, özbaşınalıq, xuliqanlıq edirlər – dərhal onları həbs etməlisiniz.

Mən sizə bir neçə dəfə demişəm, əfsuslar olsun ki, gərək hər dəfə deyəm. Bir neçə gün bundan əvvəl sizə demişəm, plyonkalar olan maşınlar barədə neçə dəfə deməliyəm?! Onlar kimdirlər? Məndə siyahı var, kimlərdir. Orada bir nəfər də sadə adam tapmaq çətindir. Ya dövlət məmurlarının, ya böyük vəzifə sahiblərinin, ya Milli Məclis üzvlərinin, yaxud da böyük biznes sahiblərinin qohumlarıdır. Onlar kimdən artıqdırlar? Nə üçün onlar plyonkalı maşınlarda gəzməlidirlər? Kimdən onlar qorxurlar? Xalqdan qorxurlar? Əgər onu maşında görsələr, ona nə olar? Əriyər? Mən özümdən danışmaq istəmirəm. Mən on il Prezidentin ailəsinin üzvü idim. Plyonkalı maşınım var idi? Hər bir qırmızı işıqda maşını saxlayırdım. Mən və indi mənim uşaqlarım. Nə üçün? Çünki qanun hamı üçün qanundur və yuxarı vəzifədə olanlar üçün ilk növbədə. Əgər onlar qanunu pozurlarsa, əgər normal, etik davranışa əməl etmirlərsə, normal qaydalara riayət etmirlərsə, öz cəzasını alacaqlar. Cərimələrlə yox, cərimə onun üçün nədir ki? Yüz min dollar dəyərində maşını olan yüz dəfə o cəriməni verə bilər. Heç vermir də. Mən onları başqa cür cəzalandıracağam. Onların arxalandıqlarını mən cəzalandıracağam. Ona görə deyirəm, mən bir həftə sizə vaxt vermişəm, bir həftə. İki-üç gündən sonra o vaxt bitir. Bir dənə də plyonkalı maşın olsa, onda məndən inciməyin. Həm siz, həm də o plyonkalı maşınların sahibləri və onların böyükləri.

Qayda-qanun hamı üçün olmalıdır. Mən heç vaxt belə vəziyyətlə barışa bilmərəm ki, kimsə xüsusi statusa malik olsun. Heç kim xüsusi statusa malik deyil, o cümlədən mən və mənim ailəm. Belə olan halda, bunu nəzərdə saxlayın.

Növbəti aylar ərzində, ilin sonuna qədər biz bütün qarşıda duran məsələləri həll etməliyik və 2008-ci ilə yeni proqramlarla başlamalıyıq. Əminəm ki, 2008-ci il də Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacaqdır.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib