SİYASƏT
Azərbaycan və Boliviya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında Saziş imzalanmışdır
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Boliviya Çoxmillətli Dövlətindəki səfiri Məmməd Əhmədzadə La Paz şəhərinə səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri David Choquehuanca ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunmuşdur.
Görüşdən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Saziş” imzalanmışdır.
Səfər çərçivəsində M.Əhmədzadə Boliviya Senatının sədri Eugenio Rojas, Senatın xarici əlaqələr komissiyasının sədri Gabriela Montano, Deputatlar Palatasının sədri vəzifəsini icra edən Javier Eduardo Zavaleta Lopez, Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Betty Tejada, habelə xarici işlər nazirinin müavinləri Juan Carlos Alluralde Tejada və Valter Clarems Endara Vera, enerji inkişafı nazirinin müavini Franklin Molina ilə də görüşmüşdür.