SİYASƏT
Azərbaycanın İstanbuldakı baş konsulluğunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə görüş olmuşdur
İstanbul, 15 iyun (AZƏRTAC). 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ABŞ-da fəaliyyət göstərən Dünya Türkləri Şurasının prezidenti Ata Erim, Türkiş Forumun prezidenti Kayaalp Böyükataman və Türk Dünyası Qəzetçilər Federasiyasının Türkiyə təmsilçisi Türer Yener Azərbaycanın İstanbuldakı baş konsulluğunda olmuşlar.
Qonaqları salamlayan baş konsul Həsən Zeynalov 15 İyun - Milli Qurtuluş Günü barədə məlumat vermiş, xalqımızın xilaskar oğlu Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətlərindən danışmışdır.
Müasir Azərbaycan dövlətinin qüdrətlənməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran baş konsul bildirmişdir ki, Ulu Öndərimizin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirmiş, qüdrətini artırmış, inkişafını təmin etmişdir.
Bu tarixi hadisə münasibətilə baş konsulluğumuzu ziyarət etməyi Azərbaycan xalqı və ulu öndər Heydər Əliyevin ruhu qarşısında özlərinə borc hesab etdiklərini diqqətə çatdıran qonaqlar ölkəmizin inkişafından qurur duyduqlarını ifadə etmiş, Prezident İlham Əliyevin uğurlu fəaliyyətini diqqətlə izlədiklərini və dəstəklədiklərini bildirmiş, xalqımıza firavanlıq arzulamışlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul