İQTİSADİYYAT
“Azəriqaz”: Ötən il 2015-ci illə müqayisədə təchizat şəbəkəsində qazın itkisi azalıb
Bakı, 13 mart, AZƏRTAC
Respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ilin 12 ayı ərzində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təchizat şəbəkəsində qazın itkisi azalıb.
AZƏRTAC xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deyib.
O bildirib ki, ötən il “Azəriqaz” layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini davam etdirib. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 4 min 91 ədəd texniki şərt verilib. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 303 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb. Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülüb. Keçən il ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 1191 layihə-smeta sənədi hazırlanaraq, birliyə və digər sifarişçilərə təhvil verilib.
Ə.Hacıyev qeyd edib ki, təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir. Bunun nəticəsidir ki, ötən il ərzində “Azəriqaz” üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 min 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 milyon 634 min 915 AZN dəyərində dəymiş ziyan hesablanıb.