İQTİSADİYYAT
“Azneft”də işlərin yerinə yetirilməsinə icazə ilə əlaqədar beynəlxalq standartlar müzakirə olunub
Bakı, 2 mart, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) “İşlərin yerinə yetirilməsinə icazə” mövzusunda seminar keçirilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, seminarda “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri, struktur bölmələrinin nümayəndələri, əməyin mühafizəsi xidmətlərinin rəhbər və mühəndis texniki işçiləri iştirak edib. Birliyin baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov mövzu barədə ətraflı məlumat verib, işlərin yerinə yetirilməsinə icazə ilə əlaqədar beynəlxalq standart və normalardan danışıb, “Azneft” İstehsalat Birliyinin struktur bölmələrində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini vurğulayıb.
C.Səmədov İstehsalat Birliyinin struktur bölmələrində “İşlərin yerinə yetirilməsinə icazə” barəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Sonra “Azneft” İstehsalat Birliyinin əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov fərdi mühafizə vasitələrinin istifadəsi, xüsusi riskli işlərə icazə haqqında çıxış edib, onun əhəmiyyətindən bəhs edib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb.