İQTİSADİYYAT
“Bakutel-2018” sərgisində “Edulicense” portalı istifadəyə verilib
Bakı, 5 dekabr, AZƏRTAC
“Bakutel-2018” sərgisində “Edulicense” portalı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 4-7-də Bakıda keçirilən “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “BestComp Group” (Azərbaycan) şirkətinin məhsul meneceri Elçin Məmmədov deyib.
O bildirib ki, 2018-ci ilin yayında “BestComp Group”, “Microsoft” və “AzİnTelekom” şirkətləri ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında dövlət strukturlarında 20 min yerin leqallaşdırılması, eləcə də pulsuz “Windows” və “Office” proqramları vasitəsilə tələbələrin tədrisinə köməklik göstərilməsi barədə saziş imzalanıb. Bu layihənin operatoru kimi, “BestComp Group” Azərbaycanın 7 universitetini əhatə edən “Edulicense” portalını yaradıb və “Bakutel-2018” sərgisi çərçivəsində həmin portalın işinə start verib.