RƏSMİ XRONİKA
BALAKƏN KONSERV ZAVODU YENİDƏN QURULMUŞDUR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev sentyabrın 19-da Balakən konserv zavodunda olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, 12 hektar ərazidə yerləşən zavod ümummilli liderimiz Heydər Əliyevin bilavasitə qayğısı ilə 1970-ci ildə fəaliyyətə başlamışdı. Keçən əsrin 80-ci illərinin sonunda burada yeni avadanlıq quraşdırılmış, 2002-ci ildə zavodun bazasında “Balakən-Konserv” ASC yaradılmışdır.
2006-cı ilin ikinci yarısından etibarən Azərbaycan Beynəlxalq Bankı tərəfindən ayrılmış kredit hesabına zavodda yenidənqurma işlərinə, avadanlığın, binaların, qurğuların təmirinə başlanmışdır. Zavodun yenidən qurulmasına ümumi vəsait qoyuluşu 12 milyon manat təşkil etmişdir.
Hazırda zavodda mürəbbə, tomat pastası, meyvə şirələri, cem istehsalı, fındıq emalı və konsentrat sexlərinin fəaliyyətinin bərpası istiqamətində iş gedir. Bu sexlərin işə düşməsi il ərzində 50 min ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulunun tədarükü və emalına imkan yaradacaqdır. Şirə, konsentrat və fındıq emalı sexlərində yenidənqurma işləri tamamlanıb və onlar məhsul istehsalına hazırdır. Zavodda tonluq soyuducu da quraşdırılmışdır. Müəssisənin fəaliyyətə başlanması nəticəsində 180 nəfər işlə təmin olunacaqdır.
Prezident İlham Əliyev şirə sexinin işə düşməsini bildirən düyməni basdı. İstehsal prosesini izləyən dövlətimizin başçısına “Coca-Cola” brendi “Çappi”, habelə Azərbaycanın yüksək standartlara cavab verən “İnnabı” və “Vell” brendləri barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrı-ayrı sexlərlə, istehsal xətti ilə tanış oldular, hazır məhsullara baxdılar. Bildirildi ki, burada istehsal olunan konservlər İtaliya, Almaniya, Hollandiya, Rusiya və Qazaxıstana ixrac olunur. Gələcəkdə fındıq və şirə əsasən ABŞ-a və Kanadaya ixrac ediləcəkdir.
Dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirərək, Azərbaycanda qeyri-neft sektorunun inkişafının bariz göstəricisi olan bu cür müəssisələrin ölkəmizin iqtisadiyyatının inkişafına mühüm töhfə verdiyini bildirdi, insanların işlə təmin olunmasında, Azərbaycanın istehsal potensialının artırılmasında belə zavodların fəaliyyətinin əhəmiyyətini vurğuladı.