ELM VƏ TƏHSİL
BDU-da seminar: Təbiətdə bioloji növ müxtəlifliyi və onun qorunması
Bakı, 28 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələri və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Təbiətdə bioloji növ müxtəlifliyi və onun qorunması” adlı maarifləndirici onlayn seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Nigar Muxtarzadə Azərbaycanın Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkə olduğunu, ölkə ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alındığını vurğulayıb. Qeyd edib ki, bütün dünyada təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin qorunub saxlanılmasında mühüm rol oynayır.
Sonra Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov çıxış edərək təbiətdə bioloji müxtəlifliyin qorunması və bu istiqamətdə həyata keçirilən işlər haqqında danışıb.
Biologiya fakültəsi TGT sədrinin müavini Dürdanə Rəcili təqdimatla çıxış edərək təbii planetar biogen komponentlərdə pozulmalar, eləcə də bunun nəticəsində biosferə və cəmiyyətə olan ekoloji təhlükələrin artması, genefondun pisləşməsi, Yer planetində həyatın mühafizəsi problemlərinin kəskinləşməsindən bəhs edib.
Tədbir diskussiya formatında davam edib.