DÜNYA
Beynəlxalq avtomobil sənayesindəki qeyri-sabitlik istehsalçı və tədarükçü əməkdaşlığına mənfi təsir göstərir
Budapeşt, 15 noyabr, AZƏRTAC
Son vaxtlar macar KİV-lərində “Mercedes-Benz” şirkətinin bu ölkədə inşa edəcəyi yeni avtomobil zavodu ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Belə ki, müəssisənin tikintisinin başlanması minimum bir il müddətinə təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, avtomobil bazarı analitikləri bu şayiələrin həqiqətə uyğun olub olmamasından asılı olmayaraq, Macarıstanda istehsalçılar üçün işçi qüvvəsinin yetərli olmamasını əsas gətirirlər. Eyni zamanda, bu ölkə dünya bazarlarında avtomobil sənayesi tədarükçüləri üçün istehsalat gücünün yerləşdirilməsi (ehtiyat hissələrinin) sahəsində liderdir. Sənaye Nazirliyinin məlumatına görə, Macarıstanda 15-20 dünya tədarükçüsü fəaliyyət göstərir.
Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, hvg.hu portalının yazdığına görə, bu sektorun mühümlüyünü göstərən daha bir fakt 2018-ci ildən etibarən sərmayələrin böyük bir hissəsinin məhz avtomobil sənayesinə qoyulmasıdır. Eyni zamanda, beynəlxalq tendensiyalar da tədarükçülərin işinə böyük təsir göstərir. Avtomobil istehsalçıları tərəfindən tətbiq edilən müxtəlif məhdudiyyətlər, yeni texnologiyalardan istifadə olunması bazar iştirakçıları üçün çox ciddi çağırış ola bilər. Sektorda ötən dövrün böhranlı vəziyyəti kimi elə də çox iflas halları gözlənilmir, lakin ümumu qeyri-müəyyənlik riskləri daha da artırır.
Daha bir KİV - ındex.hu nəşri qeyd edir ki, beynəlxalq proseslər, işçi qüvvəsinin çatışmaması, istehlak silsiləsi, daim sərtləşən ekoloji normalar, yeni texnoloji tendensiyalar və Brexitlə bağlı yaranmış qeyri-müəyyənlik Qərbi Avropa avtomobil sənayesinin perspektivlərini təhlükə altında qoya bilər. Macarıstanın avtomobil istehsalının böyük bir hissəsi ixraca hesablanıb və bu səbəbdən həmin sektoru təcrid olunmuş halda, habelə diqqəti yalnız daxili bazara cəmləşdirmək yolu ilə təhlil etmək mümkün deyil.
Sadalanan proseslərin fonunda bu yaxınlarda Budapeştdə Avropa İttifaqının aparıcı avtomobil istehsalçılarının iştirakı ilə keçirilmiş konfransda etiraf olunub ki, beynəlxalq ticarətdə qeyri-sabitliyin güclənməsi korporativ strategiyalara və sərmayələrə ciddi təsir edə bilər, həmçinin istehsalçıların və tədarükçülərin əməkdaşlığında qeyri-müəyyənlik yaradar.
Macarıstanın avtomobil sənayesi üzrə eksperti Tibor Zalai AZƏRTAC-a müsahibəsində qeyd edib: “Avtomobil istehsalının Macarıstanın ÜDM-də 10 faiz payı olduğunu nəzərə alsaq, bu sektorda dəyişikliklərin təsiri bütün iqtisadiyyatda hiss olunacaq. Bu il Avropada gedən ümumi tendensiyalar hələ Macarıstanın istehsalına ciddi təsirini göstərməyib, lakin Avropa avtomobil sənayesində vəziyyətin pisləşməsi artıq indidən nəqliyyat biznesi, poladəritmə sənayesi və plastmas istehsalı üzrə dəyişiklikləri labüd edir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt