MƏDƏNİYYƏT
“Bir günəş altında” filminin Əddis-Əbəbə şəhərində təqdimatı olub
Əddis-Əbəbə, 25 sentyabr, AZƏRTAC
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan səfirliyinin təşəbbüsü və daha on bir ölkənin (Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Yaponiya, Avstraliya, Banqladeş, Yeni Zelandiya, İndoneziya, Koreya Respublikası) bu ölkədəki səfirliklərinin birgə təşkilatçılığı ilə “Asiya və Sakit okean regionu ölkələrinin Film Festivalı” həftəsi keçirilib. Festival İtaliya Mədəniyyət Mərkəzində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də festivalın bağlanış mərasimində təşkilatçı səfirlər adından Azərbaycanın bu ölkədəki səfiri Elman Abdullayev çıxış edərək festivalı Efiopiya cəmiyyətinin və diplomatik korpusun müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olması baxımından gözəl imkan adlandırıb, tamaşaçılara və təşkilati dəstək göstərmiş bütün şəxslərə təşəkkür edib.
Səfir festivalın təşkilinin diplomatik korpusun sıx əməkdaşlığı nəticəsində baş tutduğunu qeyd edərək, gələcəkdə digər birgə layihələrin də həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Təşkilatçı ölkələrin səfirləri səhnəyə dəvət edilərək birgə təşkilatçılığın rəmzi olaraq xatirə şəkli çəkdirilib.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunmuş və ölkəmizdə azsaylı xalqların, etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş edilib. Filmin baş prodüseri Arzu Əliyevadır.
Qeyd edək ki, bu ekran əsəri festival çərçivəsində böyük auditoriya toplayıb və tamaşaçıların böyük marağına səbəb olub.
Ekran əsəri haqqında qısa təqdimat verən Elman Abdullayev sənədli filmin Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələrini nümayiş etdirdiyini qeyd edib. Səfir Azərbaycanda bütün xalqların və etnik qrupların mədəniyyətlərinin və dillərinin dövlət səviyyəsində qorunduğunu vurğulayıb.
Bağlanış mərasimi ilə bağlı təşkilatçı səfirliklər tərəfindən verilmiş geniş ziyafətdə Asiya ölkələrinin milli mətbəx nümunələri qonaqlara təqdim olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə