REGİONLAR
Boks üzrə dünya çempionatında Naxçıvan Boks Federasiyasının yetirməsi 1/4 final mərhələsinə adlayıb
Naxçıvan, 1 noyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Mundialda iştirak edən milli komandamızın heyətində Naxçıvan Boks Federasiyasının yetirmələri Tayfur və Sərxan Əliyev qardaşları da var.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Sərxan Əliyev (71 kiloqram) startda Stefen Nevnsi (Şotlandiya) məğlub etdikdən sonra növbəti yarış günü Yuta Akiyama (Yaponiya) ilə qüvvəsini sınayıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). Bu nəticə ilə 1/4 finala vəsiqə əldə edən Sərxan noyabrın 2-də ABŞ təmsilçisi Obed Barti ilə üz-üzə gələcək.
İlk iki döyüşündə müvafiq olaraq Çarles Petit-Homm (Haiti) və Simone Spada (İtaliya) üzərində qələbə qazanan Tayfur Əliyev (60 kiloqram) isə üçüncü sınağında Arslan Xatayevlə (Finlandiya) ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından idmançımız mundialla vidalaşıb.