RƏSMİ XRONİKA
ÇILPAQLI QƏSƏBƏSİNDƏKİ YENİ ORTA MƏKTƏB PREZİDENT İLHAM ƏLİYEVİN ƏLİ BAYRAMLILILARA NÖVBƏTİ HƏDİYYƏSİDİR
Azərbaycan Prezidenti və ailə üzvləri məktəbə gələrkən yolüstü Əli Bayramlı şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoymuşlar.
Pedaqoji kollektiv və şagirdlər dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar, onlara gül dəstələri təqdim olundu.
Xatırladaq ki, 1992-ci ildə tikilmiş məktəb binası 2001-ci ildə baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmiş və onun yenidən qurulmasına ehtiyac yaranmışdı. 2006-cı ilin mart ayında Prezident İlham Əliyevin Əli Bayramlıya səfəri zamanı şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri yeni məktəb binasının tikilməsi üçün dövlət başçısına müraciət etmişlər. Bunu nəzərə alan Prezident İlham Əliyev 2006-cı il avqustun 31-də “Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında” Sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan 1,3 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına tikilən məktəb cari ilin sentyabrında istifadəyə verilmişdir. 2 və 3 mərtəbəli 3 korpusdan ibarət məktəbdə 33 sinif otağı var. Burada 680 şagird bir növbədə təhsil alır, onlara 43 müəllim dərs deyir. Məktəbdə 21 kompyuter dəsti quraşdırılmışdır, fizika, kimya, biologiya laboratoriyaları, fənn kabinetləri, akt və idman salonları var, 15 minə yaxın dərslik və ədəbiyyatı olan kitabxana fəaliyyət göstərir. Futbol, voleybol və basketbol meydançaları tikilmişdir. Məktəbdə müasir istilik sistemi quraşdırılmışdır.
Dövlətimizin başçısı və xanımı məktəblə tanış oldular.
“Məktəbin dünəni və bu günü”, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən “İslahatçı Prezident”, habelə “Prezidentimiz Əli Bayramlıda” fotoguşələrinə baxdılar.
Məktəbdə “Ümummilli lider Heydər Əliyev”, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş guşələr, Azərbaycan Respublikasının dövlət rəmzlərinə, idmançıların uğurlarına dair fotoguşələr yaradılmışdır.
Prezident İlham Əliyev sinif otaqlarında dərslərin gedişi ilə də maraqlandı. Şagirdlər ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Direktor Pərviz Nadirov bildirdi ki, məktəbin binasının tikintisi dövründə şagirdlər avtobusla Əli Bayramlı şəhərinin müxtəlif məktəblərinə getməli olurdular. İndi bu çətinlik arxada qalmışdır. Yeni binanın inşası uşaqlara ən böyük hədiyyədir. Burada şagirdlərə səriştəli müəllimlər dərs keçir, tədrisin yüksək səviyyədə təşkili üçün lazımi tədbirləri görülür.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi və Azərbaycanda təhsilə bundan sonra da diqqət və qayğı göstəriləcəyini vurğuladı.
Məktəbin kollektivi dövlətimizin başçısını doğum günü münasibətilə təbrik etdi və yaradılan bu gözəl şəraitə görə dərin minnətdarlığını bildirdi.