DÜNYA
Çində inşaat və tikinti sahəsində dünyada misli görünməmiş sürətə nail olunmuşdur
Bakı, 18 may (AZƏRTAC). Çində inşaat və tikinti sahəsində dünyada misli görünməmiş sürətə nail olunmuşdur.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Hunan vilayətindəki Yueyan şəhərindəki "Broad Sustainable Building" şirkətinin baş direktoru Çjan Yuenin dediyinə görə, onlar bir sutkada 6 mərtəbə tikə bilirlər.
Şirkət 220 mərtəbəli göydələn inşa etməyə hazırlaşır və bu nəhəng binanın tikintisini vur-tut 4 aya başa çatdırmaq niyyətindədir.
Çjan Yue deyir ki, onlar iri şirkətlərdən birindən fəhlə yeməkxanasının inşası ilə bağlı sifariş almışdılar. Yeməkxananı cəmi 9 günə inşa edərək istifadəyə verdik. Buna inanmadılar, gəlib tikintinin keyfiyyətini yoxladılar və gördülər ki, hər şey əladır, ən yüksək səviyyədədir.
Ötən ilin dekabrında şirkət Yueyan şəhərində 30 mərtəbəli oteli cəmi 15 günə tikib istifadəyə vermişdir.
Şirkətin çox sürətli tikinti konsepsiyası fabrik modullardan istifadəyə əsaslanır. Modullar sexdə hazırlanır, borular və kabellər quraşdırılır, sonra isə tikinti yerində inşa olunur.
23 yaşlı fəhlə Lyu Jijan demişdir ki, burada işləmək çox asandır. Evi tikəndə əsasən işimiz dəqiq olmaqdan və modulları boltlarla bərkitməkdən ibarət olur.