RƏSMİ XRONİKA
DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 29-da Helsinkidə, Finlandiya Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan və Finlandiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf proseslərindən danışdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi və bildirdi ki, Ermənistanın bu işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Finlandiya Prezidenti xanım Tarya Halonen ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söylədi, Azərbaycana rəsmi səfərini xatırladaraq, onun uğurla keçdiyini bildirdi. O, Prezident İlham Əliyevin Finlandiyaya indiki rəsmi səfərinin də uğurla keçəcəyinə əminliyini vurğulayaraq dedi ki, bu səfər əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir.
Tərəflər qarşılıqlı investisiya imkanlarının geniş olduğunu, sənaye, ekologiya, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğunu vurğuladılar.