İQTİSADİYYAT
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 27 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Macarıstan Rəqabət Qurumu ilə ikitərəfli görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Rəqabətin inkişafı sahəsində ən yaxşı təcrübələrin öyrənilməsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi və məcəlləyə əsasən rəqabət orqanının tənzimləmə siyasəti və nəzarət alətlərindən bəhs edilib.
Sonda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo imzalayıblar. Memoranduma əsasən, tərəflər rəqabətin təşviqi və strategiyaların hazırlanması, müvafiq sahədə qanunvericilik və rəqabət siyasətinin inkişafı, o cümlədən qanun pozuntularının təhlili istiqamətində təcrübə mübadiləsi həyata keçirəcəklər.
15.21
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana işgüzar səfər edib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində heyət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Budapeşt şəhərində yerləşən Regional Rəqabət Mərkəzi (RCC) tərəfindən təşkil olunan Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib.
İclas OECD və RCC ilə əməkdaşlıq edən dövlətlərin rəqabət qurumlarının müvafiq sahədə hüquqi alətlərinin təhlili, məhkəmə orqanları ilə birgə fəaliyyət, tənzimləmə metodları, yanaşma və təcrübələrin nəzərdən keçirilməsi məqsədilə baş tutub.
Tədbir zamanı Macarıstan Rəqabət Qurumunun prezidenti Ksaba Balaş Riqo, OECD-nin Rəqabət istiqamətinin rəhbəri Ori Şvartz və OECD-nin Rəqabət Komitəsinin sədri Frederik Cenninin çıxışları dinlənilib. Daha sonra rəqabət orqanları rəhbərlərinin və sahə ekspertlərinin iştirakı ilə “Rəqabət qurumlarının qanuni nəzarət tədbirləri” və “Birləşmələrə nəzarət” mövzularında panel müzakirələr təşkil olunub.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Birləşmələrə nəzarət” panel müzakirədə çıxışı zamanı rəqabət qanunvericiliyinin əsas prinsipləri və tənzimləmə mexanizmlərini ehtiva edən Rəqabət Məcəlləsi barədə ətraflı məlumat verib. Panel müzakirənin mövzusuna uyğun olaraq Azərbaycanda birləşmə, qovuşma və pay alqı-satqısı sahələri üzrə məcəllədə yer alan yeniliklərdən söz açıb. Həmçinin birləşmə və payların alqı-satqısı zamanı haqsız rəqabət hallarının təhlili və bazarda rəqabət mühitinin inkişafı istiqamətində Dövlət Xidmətinin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, yeni hüquqi aktda inhisarçı davranış və təmərküzləşmə halları ilə mübarizə metodları, müvafiq sahədə nəzarət və digər rəqabət meyarları Avropa İttifaqı, OECD və Türkiyə də daxil olmaqla, beynəlxalq təcrübə əsasında formalaşdırılıb. Dövlət Xidmətinin rəisi birləşmə, qovuşma və pay alqı-satqısına nəzarət sahəsində məcəllənin tətbiqi zamanı tənzimləmə bazasının daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.
İclas dəyirmi masa müzakirələri, RCC-nin fəaliyyətinə dair sessiyalar, o cümlədən ikitərəfli görüşlərlə davam etdirilib.
Qeyd edilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Regional Rəqabət Mərkəzi (RCC) Şərqi, Cənub-Şərqi və Mərkəzi Avropa regionlarının rəqabət qurumlarının əməkdaşlığı üçün yaradılmış platformadır. Mərkəz rəqabət qanunvericiliyi, siyasəti və təşviqi mövzuları üzrə seminar və təlim proqramları ilə müvafiq qurumlar arasında təcrübə mübadiləsi və əməkdaşlıqların qurulmasına imkan yaradır.