DÜNYA
Dünyanın ilk şəffaf televizoru hazırlanmışdır
Bakı, 18 may (AZƏRTAC). Gələcəyin televizorunun ilk modeli artıq hazırdır. Bu televizor söndürüləndə ekran şəffaf olur və ekranın arxasındakı istənilən əşyanı, ya da divarı asanlıqla görmək olur.
AZƏRTAC xəbər verir ki, tanınmış dizayner Maykl Fribinin hazırladığı TOLED adlı televizorun unikal ekranı vardır. Televizor söndürüləndə ekran şəffaflaşır və adi şüşəyə çevrilir.
Multimedia funksiyalarına malik televizor uzaqdan idarəetmə pultu ilə yanaşı, sensor idarə panelinə malikdir. Televizor bir toxunuşla multimedia mərkəzinə çevrilir və onun vasitəsilə internetdə “dolaşmaq”, sosial şəbəkələrə qoşulmaq, saytlara nəzər salmaq mümkündür.
Daha sonra isə televizor ultramüasir oyun konsolu da ola bilir. “Loewe” şirkətinin menecerlərinin dediklərinə görə, onlar şəffaf televizorların seriya istehsalına bu yaxınlarda başlayacaqlar.