DÜNYA
Düyünün qadın sağlamlığı üçün çox faydalı olduğu müəyyən edilmişdir
Bakı, 3 mart (AZƏRTAC). Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəb xarakteri alması ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərmişdir.
AZƏRTAC xəbər verir ki, tədqiqatçılar karbohidratların azlıq təşkil etdiyi pəhrizlərin qadınların orqanizmində fol turşusunun azalmasının başlıca səbəbi olduğunu müəyyən etmişlər. Belə qadınlar orqanizmdəki dəmir qıtlığı nəticəsində yaranan anemiyaya da meyilli olurlar. Bədəndə kifayət qədər dəmir olmadığından orqanizm qırmızı qan hüceyrələri üçün lazımi qədər hemoqlabin hazırlaya bilmir.
Anemiyanın ən geniş yayılmış bu növü ABŞ-dakı qadınların beşdə birini, hamilə qadınların isə yarısını əhatə edir, yorğunluq, gücsüzlük, tənəffüsdə çətinlik, baş ağrıları və diqqəti cəmləməkdə yaranan problem kimi müxtəlif simptomların ortaya çıxmasına səbəb olur. ABŞ-dakı "Rice Federation" adlanan qurumun apardığı araşdırma nəticəsində düyünün hər bir yaşda olan qadının sağlamlığında böyük önəm daşıyan fol turşusu və dəmir kimi qida maddələri ilə zəngin olduğu müəyyənləşdirilmişdir.
Amerika Pəhriz Assosiasiyasının qadın sağlamlığı və reproduktiv qidalanma üzrə prezidenti, diyetoloq Janna Blakenşipin bildirmişdir ki, Birləşmiş Ştatlarda qadınların əksəriyyətində dəmir və fol turşusu sutkalıq tələbata hələ də uyğun gəlmir. Bu qida maddələri onlar üçün son dərəcədə həlledici əhəmiyyətə malikdir. Düyü fol turşusu əldə etmək üçün əla üsuldur. Bir çox yeməklərdə düyü, yağsız ət və süd məhsulları, meyvə, qoz və tərəvəzdən istifadə olunması çox faydalıdır.
Qeyd edək ki, fol turşusu ürəyin infarkt xəstəliyi və beyin iflici də daxil olmaqla, ürək xəstəliklərində bir risk amili olduğu hesab edilən qanda homosisteinin azalmasına da yardım edir.
Amerika Kardiologiya Assosiasiyasının açıqladığı məlumata görə, fol turşusu beyinə qan sızması nəticəsində baş verən ölüm hallarının azalmasına da kömək edir. Daha yaxın vaxtlarda aparılan tədqiqatlar isə fol turşusunun Altsheymer xəstəliyi və yumurtalıqların xərçəngi də daxil olmaqla, xərçəngin bir çox növlərinin qarşısını aldığını müəyyən etmişdir.