RƏSMİ XRONİKA
ƏLİ BAYRAMLI SAKİNİ ELMİRA ƏLİYEVANIN ÇIXIŞI
Mən Əliyeva Elmira Rəşid qızı Əli Bayramlının sakiniyəm və bütün ömrümü bu şəhərin quruculuğuna, gənc nəslin tərbiyəsinə sərf etmişəm. Əvvəla, xoş gəlmisiniz! Sənin ömür yoldaşını da, qızını da bizim şəhərə qədəm qoymaları münasibətilə bir daha ürəkdən, səmimiyyətlə salamlayıram.
Əziz balam, bu gün sən burada gördüyün işlər haqqında məlumat verdin, amma buna ehtiyac yoxdur. Çünki hər şey göz qabağındadır. Bütün bu işləri də, xalqımıza bəxş etdiyin tikililəri də, körpüləri də - hər şeyi görürük. Çünki belə oğul da olmalısan, axı sən Heydər Əliyev məktəbini bitirmisən.
Buna görə də bütün xalq səni sevir. Mən pensiyaya çıxmışam, oturmuşam evdə. Amma bu gün məni buraya çəkib gətirən bir arzu var. Onu da axırda sənə yetirəcəyəm. Hərdən televizoru açıram görürəm ki, gah zavoddasan, gah fabrikdəsən, gah məktəbdəsən. Fikirləşirəm ki, bu qədər qüvvəni, bu qədər vaxtı haradan alırsan. Amma mənə elə gəlir ki, bu qüvvəni sən xalqdan alırsan və birinci növbədə sədaqətli həyat yoldaşından alırsan. Çünki Mehriban xanım da öz fəaliyyəti ilə səndən geri qalmır. Onun məktəblərimizə, uşaqlarımıza, köməksizlərə, mədəniyyətimizə, muğamımıza qayğısı əsl fədakarlıqdır. Gəlinim belə də olmalıdır. Xüsusilə mənə ləzzət verən nədir? Mehriban xanımın xarici ölkələrdə onların dilində danışması, özünü əsl azərbaycanlı qadın kimi ləyaqətlə aparması, vüqarla oturub-durması mənə ləzzət verir. Buraya yığışanların çoxu bilmir ki, bu gün sənin ad günündür. Adətdir ki, ad gününü adam doğmalarının, əzizlərinin, dostlarının, tanışlarının arasında qeyd edir. Biz görmüşük ki, dövlət xadimləri gah Antalyaya gedir, xarici ölkələrə gedirlər, sanatoriyalarda ad günü keçirirlər. Gör sən nə qədər xalqa yaxın, xüsusilə Əli Bayramlı üçün əziz bir adamsan ki, bu gözəl gününü bizimlə keçirirsən. Buna görə sənə minnətdarıq. Sağ ol.
Bu gün sənə çoxlu arzular olacaq, çoxlu diləklər eşidəcəksən. Amma mənim ürəyimdəkini heç kəs sənə arzulamayacaq. Bütün Əli Bayramlı şəhəri şahiddir, bir-iki il bundan əvvəl biz həyat yoldaşımla ailə qurmağımızın 50 illiyini qeyd etdik, qızıl toy etdik. Bax sənə qızıl toy arzulayıram. Gün o gün olsun ki, sən də övladlarının, qəşəng nəvələrinin iştirakı ilə Mehriban xanımı yenidən gəlin gətirəsən. Bundan gözəl arzu olmaz.
Hamıya bu xoşbəxtlik nəsib olmur. Bu, mənə nəsib olub ki, bütün şəhər adından sənin ad gününü təbrik edirəm. İcazə ver, sənə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzu edim. Qoy Azərbaycan xalqının ağbirçək analarının arzusu, duası sənin yoluna işıq salsın.
Sağ olun.
Şəhər sakinləri dövlətimizin başçısını doğum günü münasibətilə ürəkdən təbrik etdilər, ən xoş arzularını bildirdilər. Onlar ulu öndərin tarixi xidmətlərini unutmadıqlarını söylədilər və ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən razılıqla söhbət açdılar.