DÜNYA
Ən uzun və ən qısa ömür sürənlər hansı ölkələrdədir
Bakı, 15 may (AZƏRTAC). Dünya Bankının son hesabatına görə, qadınlar və kişilər arasında ən uzun ömür sürənlər Honkonqdadır.
Orta statistik məlumata görə, ən az ömür sürmə Əfqanıstan və Mərkəzi Afrika Respublikasındadır.
AZƏRTAC xəbər verir ki, Honkonqda doğulan qız orta hesabla 86 il yaşayır.
Avropa ölkələrində də qadınların ömrü uzundur. Fransa, İspaniya və İsveçrədə qadınlar orta hesabla 85 il yaşayırlar. Avstraliya, İslandiya, İtaliya, Koreya Respublikası, Sinqapur və İsveçdə bu rəqəm 84 il, ABŞ-da 82 il, Britaniyada isə 81 ildir.
Ən uzunömürlü insanların yaşadıqları dövlətlərdə qadınlarla müqayisədə kişilərin ömrü nisbətən qısadır.
Kişilərin daha çox ömür sürdüyü ölkələr orta göstəricinin 80 il olduğu San-Marino, Honkonq, İslandiya, Avstraliya, İsrail, Yaponiya, İsveç və İsveçrədir.
Orta statistik məlumata görə, kişilərin 79 il ömür sürdüyü ölkələr isə Malta, Hollandiya, Norveç, Sinqapur, İspaniya və Britaniyadır. Avstraliya, Qətər, Fransa və Lüksemburqda kişilər orta hesabla 78 il yaşayırlar.
Dünyada qadınların ən az ömür vaxtının olduğu ölkə Lesotodur. Burada xanımlar orta hesabla 47 il yaşayırlar. Əfqanıstanda qadınlar 48, Zimbabve, Zambiya və Konqoda - 50, Çad və Mozambikdə - 52 yaş, Nigeriyada, Mali və Anqolada - 52, Somali və Cənubi Afrika Respublikasında isə 53 il yaşayırlar.