REGİONLAR
Evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalçaçılıq təlimi təşkil edilib
Şahbuz, 1 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şahbuz Rayon İcra Hakimiyyəti birgə qadınlar arasında xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim təşkil edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosu bildirilib ki, təlimə rayonda yaşayan sağlamlıq imkanları məhdud 9 qadın, xüsusi qayğıya ehtiyacı olan 4 ailənin üzvü və dərnək rəhbərləri olmaqla, ümumilikdə, 16 qadın qatılıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev tədbirin əhəmiyyətini qeyd edib, bundan sonra belə təlimlərin davamlı təşkil ediləcəyini diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, xüsusən evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində sosial layihələr həyata keçirilir. Xalçaçılıq təlimi də görülən işlərin davamı xarakterini daşıyır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur.
Sonra təlimçi, istedadlı xalça ustası Həcər Hümbətova əyani vəsaitlərdən istifadə etməklə təlimə başlayıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.