DÜNYA
Fatma Ceren Yazqan: Münaqişənin mövcudluğu diplomatiyanın məğlubiyyəti deməkdir
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Əgər münaqişə mövcuddursa, bu, diplomatiyanın məğlubiyyəti deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Suriyada gedən hərbi əməliyyatlarla əlaqədar yerli “Kviris palitra” (Həftənin mənzərəsi) qəzetinə müsahibəsində söyləyib.
Səfir bildirib: “Deməliyəm ki, əgər münaqişə mövcuddursa, deməli, diplomatiya məğlub olub. Uzun illər ərzində nəticə əldə etmək üçün diplomatiyaya üstünlük verirdik. Amma göründüyü kimi, bu yol istənilən nəticəni vermədi. Sabitliyə yiyələnmək üçün separatçı qüvvələri zərərsizləşdirməliyik”.
Türkiyənin tərəfdaşları ilə əməkdaşlığına toxunan diplomat bildirib: “Biz tərəfdaşlarımızla danışıqlar aparırıq. Əgər onların bizim təhlükəsizliyimizi qorumaq istəkləri yoxdursa, o zaman biz özümüz-özümüzü qoruyacağıq”.
Münaqişə bölgəsində ölənlər və şəhid olanlarla bağlı fikirlərə də münasibət bildirən səfir vurğulayıb: “Orada bizim övladlarımız, oğullarımız mübarizə aparırlar. Onları müharibəyə göndərməyi heç kim istəməzdi. Lakin hazırda bu məsələ Türkiyə üçün o qədər önəmlidir ki, lazım gələrsə, mən də döyüşə getməyə hazıram”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi