CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları təşkil olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 28-dən 30-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslar 2020-ci il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən təşkil edilib.
Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.
Tədbirin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.