İDMAN
Futbol üzrə Oman millisi “Bakı-2017”də ilk qələbəsini qazanıb VİDEO
Bakı, 11 may, Nəriman Həsənzadə, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin “B” qrupunun ikinci turu çərçivəsində Oman millisi Türkiyə yığmasını məğlub edib.
“AZAL Arena”da təşkil olunan görüşün 27-ci dəqiqəsində türkiyəli futbolçu Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Oman ilk oyunda Fələstin yığması ilə qarşılaşıb və görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Türkiyə isə Əlcəzair millisi ilə görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.