REGİONLAR
Füzuli rayonunda məktəblilərin vətənpərvər ruhda inkişafı üçün “Tariximizi öyrənək” adlı layihəyə start verilib
Füzuli, 2 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda məktəblilərin vətənpərvər ruhda inkişafı üçün “Tariximizi öyrənək” adlı layihəyə start verilib. Layihə çərçivəsində Qazaxlar kənd məktəbinin şagirdləri Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər davam etməkdədir. Müəyyən edilmiş qrafik əsasında rayon icra hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin Tarix-Diyarşünaslıq Muzeyinə “Tariximizi öyrənək” adlı ekskursiyaları təşkil olunur. Muzeydə 44 günlük Vətən müharibəsindən bəhs edən xüsusi guşə yaradılıb. Bu guşədə şəhidlərimizin şəkilləri, şəxsi əşyaları, onlar haqqında mətbuatda dərc olunmuş yazılar, eləcə də mülki əhalinin yaşadığı ərazilərə düşmən tərəfindən atılan mərmilər nəticəsində ziyan görən evlərin şəkilləri və müxtəlif materiallar nümayiş etdirilir.
Vətən müharibəsinə həsr edilmiş guşə Qazaxlar kənd tam orta məktəbin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb. Muzeyin bələdçiləri və müəllimlər şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Şanlı Zəfəri, eləcə də şəhidlərimizin qəhrəmanlıq dolu döyüş və həyat yolları barədə məlumat veriblər.